Britaniya Azərbaycanla tərəfdaşlığı dərinləşdirir

22.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman Bakıda keçirdiyi ilk mətbuat konfransında iki ölkə arasında münasibətlərin gələcək istiqamətləri barədə danışdı.

Etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsindən cəmi üç gün sonra jurnalistlərlə görüşən səfir Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. O, Azərbaycana ilk dəfə 1999-cu ildə gəldiyini xatırladaraq, ölkənin son onilliklərdə böyük dəyişikliklərə məruz qaldığını bildirdi.

Səfir Azərbaycan xalqının qonaqpərvərliyinin isə dəyişmədiyini xüsusi qeyd etdi. O, 2025-ci ilin əvvəlində Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin yanında qaldığını və bu təcrübənin ölkəni daha yaxından tanımasına imkan verdiyini dedi.

Dankan Norman bildirdi ki, Böyük Britaniya Azərbaycanı mühüm regional tərəfdaş hesab edir və iki ölkə arasındakı münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini əhəmiyyətli addım kimi qiymətləndirir.

Onun sözlərinə görə, əməkdaşlığın əsas istiqamətləri iqtisadi artım, təhlükəsizlik və innovasiyadır. Enerji sektoru uzun illər Azərbaycan-Böyük Britaniya münasibətlərinin əsasını təşkil etsə də, hazırda əməkdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, maliyyə, nəqliyyat, infrastruktur və rəqəmsal texnologiyalar kimi sahələri də əhatə edir.

Səfir enerji sahəsində BP-nin Azərbaycandakı fəaliyyətini xüsusi qeyd etdi. O bildirdi ki, Böyük Britaniya Azərbaycanın bərpaolunan enerji potensialından istifadə və enerji keçidinin dəstəklənməsi istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Təhsil də mətbuat konfransında diqqətçəkən əsas mövzulardan oldu. Cənab Norman bu il Azərbaycan hökumətinin xaricdə təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin 61 faizinin Böyük Britaniya universitetlərini seçdiyini bildirdi. O, “Chevening” proqramının Azərbaycan vətəndaşları üçün yeni imkanlar yaratdığını və süni intellekt, rəqəmsal transformasiya, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndiriləcəyini vurğuladı.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan səfir Azərbaycanın bu istiqamətdə mühüm tərəfdaş olduğunu bildirdi. O, təlimlərin, müdafiə əlaqələrinin və birgə əməkdaşlıq imkanlarının artırılmasının nəzərdə tutulduğunu dedi.

Dankan Norman Azərbaycanın mina təhlükəsi ilə mübarizədə göstərdiyi səyləri də qeyd etdi. Onun sözlərinə görə, Böyük Britaniya keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz torpaqlarına qayıtmasına imkan yaratmaq məqsədilə mina təmizlənməsi fəaliyyətinə dəstəyi davam etdirəcək.

Səfir regional və qlobal məsələlərdən də danışdı. O, Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini yüksək qiymətləndirdi, Azərbaycanın Ukrayna və Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğuladı.

Yaxın Şərqdəki vəziyyətə toxunan Norman Azərbaycanın regionda sabitliyin və enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələri də müsbət qiymətləndirdi.

Mətbuat konfransının əsas mövzularından biri isə Azərbaycan-Ermənistan münasibətləri oldu. Britaniyalı diplomat iki ölkə arasında sülh istiqamətində atılan addımları alqışladıqlarını bildirdi. Sərhədlərin delimitasiyası, enerji əməkdaşlığı və digər praktiki təşəbbüslərin regional sabitliyə və iqtisadi inkişafa töhfə verə biləcəyini dedi.

Dankan Norman Azərbaycanın və Ermənistanın davamlı sülhə nail olmasının regionda yeni ticarət, investisiya və nəqliyyat imkanları yaradacağına diqqət çəkdi. O bildirdi ki, Böyük Britaniya Orta Dəhlizin inkişafında öz təcrübəsi, investisiya və maliyyə imkanları ilə iştirak etməyə hazırdır.

Beləliklə, Böyük Britaniyanın Azərbaycandakı yeni səfirinin ilk mətbuat konfransı iki ölkə arasında münasibətlərin enerji əməkdaşlığından daha geniş strateji tərəfdaşlığa keçid mərhələsində olduğunu nümayiş etdirdi.

Dankan Norman çıxışının sonunda Azərbaycanla Böyük Britaniya arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirmək əzmində olduğunu bildirdi.

Sonra səfir jurnalistlərin suallarını cavablandırdı.

XQ-nin “Cənab səfir, çıxışınızda qeyd etdiniz ki, Böyük Britaniya ticarət, investisiya və regional bağlantılar sahəsində daha sıx əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyir. Ümumiyyətlə, rəsmi London yaxın perspektivdə iqtisadiyyatın hansı sahələrində əlaqələri daha da inkişaf etdirməyi planlaşdırır?” sualına cənab Norman belə cavab verdi:

“Əlbəttə, qeyd etdiyim kimi, münasibətlərimizi çox inkişaf etdirməkdəyik və bu, Azərbaycan üçün də, eyni zamanda, Birləşmiş Krallıq üçün də olduqca mühüm məsələlərdən biridir. Bunun həm Azərbaycan iqtisadiyyatına, eyni zamanda, Böyük Britaniyaya da faydası olacaq və hökumətin də əsas diqqət yetirdiyi sahələrdir.

O ki qaldı konkret olaraq hansı sektorlara dəstək göstərə bilərik məsələsinə, bu, enerji sahəsində də, “yaşıl enerji” sahəsində də ola bilər. Çünki həm Azərbaycan hökumətinin marağındadır ki, iqtisadiyyat daha da şaxələnsin, daha çox diversifikasiya olunsun və biz burada çox böyük, önəmli imkanlar görürük. Günəş enerjisi ilə bağlı və ya bildiyiniz kimi, Bakı küləkli şəhərdir – külək enerjisi ilə bağlı müxtəlif layihələr, müxtəlif müasir texnologiyalar ola bilər.

Bundan başqa, elektronika ilə bağlı, eyni zamanda, data mərkəzləri ilə bağlı xüsusi habların, mərkəzlərin yaradılması ilə əlaqədar layihələr ola bilər. Artıq Böyük Britaniyanın bir sıra şirkətləri var ki, bu sahələrə maraq göstərirlər və maraq göstərən şirkətlərin də sayı artmaqdadır. Digər sahələr mühəndislik, infrastruktur layihələri və informasiya texnologiyaları ola bilər. Ümumiyyətlə, çox geniş spektrdə olan sahələr var ki, Britaniya hökuməti və şirkətləri burada əməkdaşlıq etməyə maraqlıdır.

Mən Bakıya gələrkən müxtəlif sahələrə baxıram. Hələ Birləşmiş Krallıqdan olan memarların dizayn etdikləri müxtəlif arxitektura nümunələrini görürəm. Tezliklə Şuşaya gedəcəyəm. Sizə də məlumdur ki, Şuşanın həm baş planının hazırlanmasında, eyni zamanda, Şuşanın müxtəlif binalarının dizayn olunmasında Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin çox böyük əməyi olub. Şirkət orada da çalışmaqdadır”.

Səbuhi MƏMMƏDOV,
Cavid QAÇAYEV (foto)
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью