Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın enerji sektorundan kənarda da genişlənməsi üçün mühüm imkanlar yaradır”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Deputatın sözlərinə görə, sənəddə ticarət və investisiya əlaqələrinin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, bərpaolunan enerji, infrastruktur, maliyyə və xidmət sahələrində tərəfdaşlığın genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Şahin İsmayılov xüsusilə Orta Dəhlizin inkişafına verilən dəstəyin əhəmiyyətini vurğulayıb:
“Orta Dəhlizin inkişafına dəstək Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunun nəzərə alındığını göstərir. Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi, ticarət marşrutlarının şaxələndirilməsi və nəqliyyat infrastrukturuna investisiyaların artırılması hər iki ölkənin iqtisadi maraqlarına cavab verir”.
Komitə sədri qeyd edib ki, Azərbaycan–Britaniya münasibətləri müstəqilliyin ilk illərindən inkişaf edir. Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya rəsmi səfərləri, həmin dövrdə imzalanmış sənədlər münasibətlərin siyasi və hüquqi əsaslarının möhkəmlənməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə əməkdaşlıq enerji, investisiya, ticarət və təhsil də daxil olmaqla müxtəlif sahələrdə genişlənib.
Deputat Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda uzunmüddətli iştirakına da diqqət çəkib. Bildirib ki, “Əsrin müqaviləsi”ndən etibarən yatırılan sərmayələr neft-qaz sənayesinin inkişafına, müasir texnologiyaların tətbiqinə və ixrac imkanlarının genişlənməsinə töhfə verib.
“Otuz ildən artıq davam edən əməkdaşlıq qarşılıqlı etimadın möhkəm əsaslarını formalaşdırıb. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu əlaqələrin daha geniş istiqamətləri əhatə etməsinə şərait yaradır”, – o söyləyib.
Şahin İsmayılov əlavə edib ki, Azərbaycanın müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə əməkdaşlığı milli maraqlara əsaslanan xarici siyasətin nəticəsidir:
“Geosiyasi rəqabətin və təhlükəsizlik çağırışlarının artdığı dövrdə fərqli siyasi və iqtisadi mərkəzlərlə səmərəli əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artırır. Böyük Britaniya ilə strateji tərəfdaşlığın qurulması da ölkəmizə beynəlxalq etimadın növbəti göstəricisidir”.