Britaniya ilə təhsil sahəsində əməkdaşlığın hədəfləri

14.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizdə elm və təhsilin inkişafı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində tədris infrastrukturunun köklü şəkildə yenilənməsi, müasir təhsil standartlarının tətbiqi və rəqəmsallaşma istiqamətində ardıcıl və sistemli islahatların həyata keçirilməsi bunun bariz nümunəsidir.

Yeni məktəb binalarının tikintisi, təhsil müəssisələrinin müasir texnoloji avadanlıqlarla təchiz edilməsi, müəllim nüfuzunun artırılması və tədris proqramlarının müasir əmək bazarının çağırışlarına uyğunlaşdırılması isə bu strateji xəttin əsas tərkib hissələridir. Xüsusilə ümumtəhsil məktəblərində STEM təhsilinin və rəqəmsal bacarıqların genişləndirilməsi, şagirdlərin innovativ düşüncə tərzinin formalaşdırılması istiqamətində mühüm layihələr icra olunur.

Bununla yanaşı, gənclərin dövlət hesabına dünyanın nüfuzlu ali məktəblərində təhsil almasını təmin edən Dövlət Proqramı, eləcə də yerli ali təhsil müəssisələrinin qabaqcıl xarici universitetlərlə həyata keçirdiyi ikili diplom layihələri ölkəmizdə rəqabətədavamlı insan kapitalının formalaşmasına güclü zəmin yaradıb. Daxili islahatlarla paralel olaraq beynəlxalq əməkdaşlığın genişləndirilməsi isə milli təhsil sisteminin qlobal elm və innovasiya məkanına sürətli inteqrasiyasına xüsusi töhfə verir.

Noyabrın 12-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətlərarası münasibətləri keyfiyyətcə yeni müstəviyə daşıyan bu sənəddə təhsil, elm və innovasiya sahələri uzunmüddətli rifahın və rəqabətədavamlı iqtisadiyyatın əsas təməli kimi dəyərləndirilir.

Sənəddə ali və peşə təhsilində əməkdaşlığın dərinləşdirilməsi, rəqəmsal və texniki bacarıqların artırılması, dövlət sektorunda kadrların peşəkar hazırlığı, süni intellekt və rəqəmsal idarəetmə üzrə təcrübə mübadiləsi əsas istiqamətlər olaraq öz əksini tapıb. Eyni zamanda, Bəyannamədə universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında birbaşa tərəfdaşlığın təşviqi, eləcə də tələbə, müəllim və alim mübadilələrinin genişləndirilməsi əsas hədəflər kimi müəyyən edilib. Dünyanın aparıcı elm və təhsil mərkəzlərindən biri ilə qurulan bu yeni əməkdaşlıq formatı yerli təhsil mühitinin beynəlxalq standartlara inteqrasiyası baxımından mühüm rol oynayır.

Təhsil məsələləri üzrə araşdırmaçı Elmin Nuri XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycan və Böyük Britaniya arasında imzalanan Birgə Bəyannamə rəqəmsal təhsilin güclənməsi, eləcə də innovasiya və startap sahələrinin inkişafı baxımından geniş perspektivlər vəd edir:

– Britaniya dünya təhsil trendlərinin önündə gedən, təhsilin innovasiyaya, sənayeyə, biznes dünyasına və elmə inteqrasiyasını əsas tutan, onun praktiki tərəflərini əks etdirən qabaqcıl modeldir. Bu sistemdə tələbə və şagirdlərə yalnız nəzəri biliklər verilmir, eyni zamanda, həmin biliklərin real iqtisadi dəyərə və yeni texnoloji layihələrə çevrilməsi mexanizmləri aşılanır. İmzalanan razılaşma həmin qabaqcıl modelin ölkəmizdə daha geniş miqyasda tətbiqinə və yerli təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşmasına şərait yaradacaq.

Hazırda ölkəmizdə STEAM təhsili, rəqəmsal bacarıqlar və digər müasir proqramlar sürətlə inkişaf edir, Britaniya təcrübəsi isə bu prosesi daha da təkmilləşdirmək baxımından əlavə üstünlük qazandırır. Müasir dövrdə yeni texnologiyaların tədris prosesinə inteqrasiyası gənclərin analitik düşüncə qabiliyyətinin formalaşmasında və qlobal əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsində müstəsna rol oynayır.

Əməkdaşlığın məhz təhsil və innovasiya inteqrasiyasına əsaslandığını vurğulayan ekspert müasir süni intellekt dövründə təhsilin gücünün həm də bu texnologiyaların tətbiqi ilə ölçüldüyünü diqqətə çatdırıb. Onun fikrincə, süni intellekt təhsilə mane olan vasitə deyil, əksinə, onun imkanlarını genişləndirən, məzmununa və formasına xidmət edən mühüm alətdir. Bu texnologiyalardan düzgün və səmərəli istifadə həm müəllimlərin işini asanlaşdırır, həm də tədrisin fərdiləşdirilməsinə geniş imkanlar açır.

Ekspert qeyd etdi ki, Britaniya modelini həm ali, həm də orta təhsil pilləsində uğurla tətbiq etmək mümkündür. Bu baxımdan, imzalanan sənəd tədris prosesinin süni intellekt vasitəsilə daha praktiki müstəviyə keçməsinə təkan verəcək:

– Göründüyü kimi, dövlətin təhsil sahəsinə göstərdiyi davamlı qayğı və Böyük Britaniya kimi qabaqcıl elm mərkəzi ilə qurulan strateji tərəfdaşlıq ölkəmizdə insan kapitalının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə xidmət edir. Bəyannamədə əksini tapan istiqamətlərin icrası ali və peşə təhsili müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsinə, elmi-tədqiqat işlərinin kommersiyalaşdırılmasına və startap təşəbbüslərinin dəstəklənməsinə əlverişli zəmin yaradacaq.

Eyni zamanda, beynəlxalq təcrübə mübadiləsinin genişlənməsi yerli mütəxəssislərin qlobal yeniliklərə çevik uyğunlaşmasını təmin edəcək. Bütün bu addımlar, öz növbəsində, elm və istehsalat arasındakı əlaqələrin möhkəmlənməsinə, innovativ düşüncəli yeni nəsil kadrların yetişməsinə və ölkəmizdə dayanıqlı bilik iqtisadiyyatının daha da güclənməsinə mühüm töhfə verəcək.

Elenora HƏSƏNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью