Britaniya işçi hazırlığı proqramına rekord həcmdə məbləğ ayırıb

27.05.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London, 27 may, AZƏRTAC

Böyük Britaniya hökuməti yerli işçi qüvvəsinin hazırlığını gücləndirmək və əmək bazarındakı boşluqları doldurmaq üçün rekord həcmdə, 3 milyard funt sterlinq məbləğində vəsait ayıracaq.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, sərmayə bacarıqlar sistemini gənc və yerli istedadlara yönəltməyi hədəfləyir.

Plan çərçivəsində tikinti, mühəndislik, səhiyyə, sosial xidmətlər və rəqəmsal texnologiyalar kimi əsas sahələrdə 120 min yeni təlim imkanının yaradılması nəzərdə tutulur. Hazırda Böyük Britaniyada əmək qabiliyyətli yaşda olan insanların beşdə birindən çoxu, təxminən 21,4 faizi nə işləyir, nə də iş axtarır. Bu göstərici pandemiyadan sonra artmaqda davam edir.

May ayında keçirilmiş yerli seçkilərdə sağçı və anti-immiqrasiya mövqeli “Reform UK” partiyasının uğur qazanmasından sonra Kir Starmer hökuməti miqrasiyanı azaltmaq üçün təzyiq altındadır. Bununla əlaqədar vətəndaşlıq qaydalarının sərtləşdirilməsi, ixtisaslı işçi vizalarının yalnız ali təhsilli şəxslərə verilməsi və şirkətlərin yerli işçiləri hazırlamağa təşviq olunması kimi tədbirlər planlaşdırılıb. Baş nazir bu tədbirləri təqdim edərkən açıq sərhəd siyasətinin başa çatdığını bəyan edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью