Britaniya mediası: Çin illərdir Dauninq Stritin yüksəkvəzifəli şəxslərinin telefonlarını hədəfə alıb

27.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 27 yanvar, AZƏRTAC

Çin tərəfindən həyata keçirildiyi bildirilən kibercasusluq əməliyyatı çərçivəsində Dauninq Stritdə (Britaniya Baş nazirinin iqamətgahının yerləşdiyi ərazi) çalışan yüksəkvəzifəli rəsmilərinin mobil telefonlarının bir neçə il ərzində izlənildiyi məlum olub.

AZƏRTAC “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, hökumətin yüksəksəviyyəli üzvlərini əhatə edən bu casusluq əməliyyatı nəticəsində onların şəxsi yazışmalarının Pekinə ötürüldüyü ehtimal olunur.

Qəzetin iddiasına görə, 2021–2024-cü illər arasında dövlət tərəfindən dəstəklənən hakerlər keçmiş Baş nazirlər Boris Conson, Liz Trass, Rişi Sunakın yaxın köməkçilərinin telefonlarını hədəfə alıblar. Haker hücumlarının Baş nazirlərin öz mobil telefonlarını əhatə edib-etmədiyi dəqiqləşdirilməyib. Lakin məsələ ilə tanış olan mənbələrdən biri bu pozuntunun Dauninq Stritin tam mərkəzinə qədər nüfuz etdiyini bildirib.

ABŞ kəşfiyyat mənbələri qeyd ediblər ki, “Salt Typhoon” adlanan Çin kibercasusluq əməliyyatı hələ də davam edir. Bu isə hazırkı Baş nazir Kir Starmer və onun yaxın komandası üzvlərinin də potensial olaraq hədəfə alına biləcəyini istisna etmir.

O da qeyd olunur ki, keçən ilin noyabr ayında Böyük Britaniyanın təhlükəsizlik xidməti MI5 Parlamentə Çin dövlətindən gələn casusluq təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq göndərib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью