Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq birinci yeri tuta bilər.
İdman.Biz xəbər verir ki, Britaniyanın “Sports Mole” portalının noyabrın 13-də “Raynpark” stadionunda keçiriləcək Lixtenşteyn - Azərbaycan qarşılaşmasına həsr etdiyi icmalda yığmamızın şansları qiymətləndirilib.
Nəşr Ayxan Abbasovun rəhbərliyi altında millimizin nəzərəçarpan irəliləyişə nail olduğunu qeyd edib. Üç oyundan sonra bir qələbə və iki heç-heçəsi olan komandamız D Liqasındakı qrupuna başçılıq edir.
Azərbaycan yığması mübarizəyə Litva ilə səfər heç-heçəsi ilə başlayıb (1:1), daha sonra Lixtenşteynlə qolsuz bərabərliyə razılaşıb. Ardınca isə doğma meydanda litvalıları məğlub edib (1:0).
“Sports Mole”un qiymətləndirməsinə görə, qarşıdakı görüşdə qələbə millimizə xalını səkkizə çatdırmaq və qrup mərhələsini məğlubiyyətsiz lider kimi tamamlamaq imkanı verəcək.
Britaniya nəşri komandamızın 2026-cı ildəki nəticələrinə də diqqət çəkib. Yığmamız keçirdiyi səkkiz qarşılaşmada beş qələbə qazanıb və yalnız bir dəfə məğlub olub. İcmalda Sent-Lüsiya üzərində 6:1 hesablı qələbə ayrıca vurğulanıb.
Bununla yanaşı, Azərbaycanın Millətlər Liqasının əvvəlki mövsümündəki uğursuz çıxışı da xatırladılıb. Həmin vaxt komandamız altı oyunun heç birində qalib gələ bilməyib və qapısından 17 top buraxıb.
Heyətlə bağlı ehtimallara gəlincə, əvvəlki qarşılaşmada ehtiyatda qalan kapitan Emin Mahmudovun start heyətinə qayıdacağı gözlənilir. Meydana çıxacağı təqdirdə, yarımmüdafiəçi milli formada 66-cı oyununu keçirəcək.
Hücum xəttində isə yığmamızın heyətində yeddi qol vurmuş Mahir Emrelinin yer alacağı ehtimal olunur.
“Sports Mole” Azərbaycan millisinin ehtimal olunan start heyətini belə təqdim edib:
Balayev; Məmmədov, Bədəlov, Daşdəmirov; Mütəllimov, Xaybulayev, İsayev, Xaybulayev; Bayramov, Emreli, Məmmədov.
Rəqibə gəlincə, FIFA reytinqində 202-ci pillədə qərarlaşan Lixtenşteyn Millətlər Liqasında sonuncu qələbəsini 2020-ci ilin sentyabrında qazanıb. Komanda həmin görüşdə San-Marinonu 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Lixtenşteynlə qarşılaşma Azərbaycan millisinin cari mövsümdə qrup mərhələsindəki son oyunu olacaq.