Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniya parlamentinin Lordlar Palatasında "Parlamentdə Azərbaycanın dostları qrupu"nun açılış tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tarixi "Attle" otağında keçirilən ziyafətə uzun illər Britaniya parlamentində Azərbaycan üzrə qrupun üzvü və sədr müavini olmuş Lord David Evans ev sahibliyi edib.
Tədbirə Britaniya parlamentinin İcmalar və Lordlar Palatasının çoxsaylı deputatları, o cümlədən parlamentdə uzun illər fəaliyyət göstərmiş Azərbaycan qrupunun sabiq sədri Bob Blackman iştirak edib.
Ziyafətə, həmçinin 2016-2024-cü illərdə Britaniyanın Azərbaycan üzrə ticarət elçisi olmuş Baronessa Nikolson ilə Azərbaycan və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunmuş ticarət elçisi Lord Alderdice qatılıblar.
Parlamentarilərlə yanaşı, tədbirdə Britaniya ictimaiyyətində müxtəlif sferalarda çalışan və ölkəmizə dost münasibət bəsləyən digər nümayəndələr də iştirak ediblər.
Ölkəsinin Azərbaycanla onilliklərə dayanan dərin və uğurlu əməkdaşlığından danışan Lord Evans bildirib ki, ötən illər ərzində dəfələrlə Azərbaycanda olub və Azərbaycan xalqına, mədəniyyətinə dərin rəğbət bəsləyir.
O, Britaniyanın Azərbaycanda müstəqillikdən bu günədək ən böyük investor olduğunu vurğulayıb, münasibətlərin xüsusiliyinə diqqət çəkib.