Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Parçalanma ən çox kimləri zəiflədə bilər?
Böyük Britaniyada siyasi sistemin diqqətçəkən əlamətlərindən biri ənənəvi partiyaya sadiqliyin zəifləməsi və seçici davranışının sürətlə dəyişməsidir. “Brexit” referendumundan sonra ölkə siyasətində formalaşan yeni reallıq həm mühafizəkarların, həm də leyboristlərin uzun müddət sahib olduqları dominant mövqeyi sarsıdıb.
Xüsusilə sağ siyasi mövqedə yaranan narazılıq və parçalanma yeni siyasi qüvvələrin meydana çıxmasına şərait yaradıb. Bu fonda Naycel Faracın rəhbərlik etdiyi “Reform UK” ilə Rupert Lounun “Restore Britain” partiyası arasında mümkün əməkdaşlıq barədə yayılan xəbərlər mühüm diqqət çəkir.
Məsələni daha maraqlı edən amil ondan ibarətdir ki, son illər Böyük Britaniyada sağ elektorat daxilində müşahidə olunan parçalanma ideoloji xarakter daşıyır. Yəni bir tərəfdə ənənəvi mühafizəkar dəyərlərə bağlı seçicilər, digər tərəfdə isə miqrasiya, milli suverenlik və mədəni kimlik məsələlərində daha sərt mövqe tələb edən kütlə formalaşıb. Mühafizəkarlar Partiyası hakimiyyətdə olduğu dövrdə həmin qrupların maraqlarını balanslaşdırmağa çalışsa da, buna nail ola bilmədi. “Reform UK” və “Restore Britain” mövcud narazılıqdan yararlanaraq siyasi səhnədə möhkəmlənməyə çalışırlar.
Yeri gəlmişkən, Naycel Farac Böyük Britaniyanın siyasi gündəmini dəyişdirməyi bacaran nadir siyasətçilərdəndir. Brexit prosesinin əsas simalarından biri kimi o, uzun müddət Avropa İttifaqına qarşı mübarizə aparıb və ölkənin birlikdən çıxması istiqamətində ictimai rəyin formalaşmasına mühüm təsir göstərib. Brexitdən sonra onun siyasi rolunun azalacağı proqnozlaşdırılsa da, hadisələr fərqli inkişaf etdi. Farac yeni siyasi platformalar yaradaraq miqrasiya, dövlət idarəçiliyi və iqtisadiyyat məsələlərində narazı seçiciləri öz ətrafında toplamağa davam etdi. “Reform UK” əvvəlcə “Brexit Party” adı altında fəaliyyət göstərsə də, sonradan daha geniş siyasi gündəmlə çıxış etməyə başladı. Partiya özünü Avropa İttifaqına qarşı mübarizə aparan təşkilatla yanaşı, ümumilikdə, siyasi sistemə alternativ təqdim edən qüvvə kimi qələmə verdi. Son seçkilərdə əldə etdiyi nəticələr “Reform UK”nin artıq milli siyasətin vacib oyunçularından birinə çevrildiyini nümayiş etdirdi. Xüsusilə İngiltərənin şimal bölgələrində, sənaye şəhərlərində və kənd ərazilərində partiyanın dəstəyi nəzərəçarpacaq dərəcədə artdı.
Rupert Lou isə fərqli siyasi trayektoriyaya malik fiqur olaraq biznes sahəsində qazandığı uğurlar və sonradan siyasətə qoşulması ilə tanınır. Uzun müddət Farac ilə eyni siyasi düşərgədə fəaliyyət göstərsə də, sonradan müxtəlif məsələlərdə fikir ayrılıqları ortaya çıxdı. Bunun nəticəsində “Restore Britain” adlı yeni siyasi layihə formalaşdırıldı. Partiyanın əsas ideyası dövlət institutlarının yenidən qurulması, idarəetmədə səmərəliliyin artırılması və milli maraqların prioritetləşdirilməsidir. Lounun tərəfdarları hesab edirlər ki, mövcud siyasi sistem həm iqtisadi, həm də sosial problemlərin həllində uğursuz olub və ölkəyə daha radikal dəyişikliklər lazımdır.
Mümkün əməkdaşlıq barədə müzakirələrin yenidən gündəmə gəlməsi bir neçə mühüm səbəblə bağlıdır. Əvvəla, son rəy sorğuları göstərir ki, sağ elektorat daxilində parçalanma davam edərsə, vəziyyət Leyboristlər üçün əlverişli şərait yarada bilər. Böyük Britaniyanın majoritar seçki sistemi kiçik partiyaların səslərini parlament mandatlarına çevirməsini çətinləşdirir. Nəticədə eyni ideoloji bazaya müraciət edən bir neçə partiyanın ayrı-ayrılıqda seçkiyə qatılması ümumi nəticənin zəifləməsinə gətirib çıxarır.
Nəzərə alınmalıdır ki, siyasi təşkilatlar arasında əməkdaşlıq yalnız proqram uyğunluğu ilə müəyyən olunmur. Liderlik ambisiyaları, təşkilati maraqlar və elektoratın gözləntiləri də mühüm rol oynayır. Naycel Farac uzun illər ərzində sağçı populist siyasətin əsas siması kimi tanınıb. Onun mediadakı nüfuzu və seçicilər arasında populyarlığı yüksəkdir. Rupert Lou isə öz tərəfdarları tərəfindən müstəqil siyasi fiqur kimi təqdim olunur və ikinci planda qalmaq istəmir. Bu səbəbdən mümkün əməkdaşlığın hansı formatda qurulacağı əsas müzakirə mövzularından biridir. Mühafizəkarlar Partiyasının vəziyyəti də prosesə xüsusi əhəmiyyət qazandırır. Partiya son illərdə bir neçə baş nazir dəyişikliyi, iqtisadi böhranlar və daxili qarşıdurmalar səbəbindən ciddi nüfuz itkisi yaşayıb. Brexitdən sonra yaranan gözləntilərin tam şəkildə qarşılanmaması bir çox seçicidə məyusluq yaradıb. Ənənəvi olaraq mühafizəkarlara səs verən bəzi qruplar alternativ axtarmağa başlayıblar.
Bir sıra analitiklər hesab edirlər ki, əgər sağ düşərgədə geniş koalisiya formalaşa bilsə, bu, Mühafizəkarlar Partiyasının gələcəyini ciddi şəkildə sual altına qoya bilər. Çünki partiyanın əsas üstünlüyü sağ mərkəz seçicilərini vahid çətir altında birləşdirmək qabiliyyəti olub. Yeni siyasi reallıq isə göstərir ki, həmin model artıq əvvəlki kimi effektiv işləmir. “Reform UK” və “Restore Britain” kimi qüvvələrin güclənməsi sağ elektoratın yeni siyasi təmsilçilik axtarışında olduğunu nümayiş etdirir.
Sözügedən tendensiya bu gün Avropanın bir çox ölkəsində də müşahidə olunur. Fransa, İtaliya, Niderland və Almaniyada sağ və sağ-populist qüvvələrin dəstəyi artıb. Bunun səbəbləri müxtəlif olsa da, ümumi məxrəc qloballaşmanın yaratdığı narahatlıqlar, miqrasiya axınları və ənənəvi siyasi elitaya inamın azalmasıdır.
Əməkdaşlığın uğurlu olması halında ortaya çıxacaq əsas suallardan biri onun siyasi proqramının necə formalaşacağıdır. Miqrasiya və milli suverenlik məsələlərində oxşar mövqelər kifayət etmir. Seçicilər iqtisadiyyat, səhiyyə, təhsil və enerji siyasəti üzrə də konkret təkliflər gözləyirlər. Son illər inflyasiya, yaşayış xərclərinin artması və dövlət xidmətlərindəki problemlər britaniyalıların gündəlik həyatına birbaşa təsir göstərir.
Londonun Queen Mary Universitetinin Britaniya siyasəti üzrə eksperti Tim Beyl hesab edir ki, Böyük Britaniyada sağ siyasi spektrdə baş verən proseslər ilk baxışda Leyboristlər Partiyası üçün təhlükə kimi görünsə də, əslində ən böyük risk Mühafizəkarlar Partiyası üçün yaranır. Onun qənaətinə görə, son illərdə mühafizəkar seçici bazasında müşahidə olunan narazılıq yeni siyasi alternativlərin meydana çıxmasına şərait yaradıb: “Böyük Britaniyanın siyasi sistemi Avropanın bir çox ölkələrindən fərqli olaraq kiçik və orta ölçülü partiyaların uğur qazanmasını çətinləşdirir. Sağçı seçicilərin səslərinin bir neçə partiya arasında paylaşdırılması nəticədə həmin siyasi qüvvələrin parlamentdə təmsilçilik imkanlarını zəiflədir və bu vəziyyətdən əsasən rəqiblər faydalanır. Ona görə də “Reform UK” və “Restore Britain” arasında rəqabətin davam etməsi qısamüddətli perspektivdə leyboristlərə üstünlük qazandıra bilər”.
Nəzrin ELDARQIZI
XQ