Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyanın Müdafiə Nazirliyi müharibə ehtimalına qarşı ehtiyatda olan hərbçiləri hərbi xidmətə çağırışa hazırlayır.
Bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Soyuq müharibə dövründən bəri ilk dəfə olaraq strateji ehtiyatda olan təxminən 100 min keçmiş hərbçiyə hazırlıq tədbirlərində və hərbi təlimlərdə könüllü iştirak etmək təklifi ilə məktublar göndərilib. Onların gələn yaz keçirilməsi planlaşdırılan NATO-nun "Steadfast Defender" təlimlərinə cəlb olunması da nəzərdə tutulur.
Məktublarda keçmiş hərbçilərdən əlaqə məlumatlarını yeniləmək, hazırkı iş yerləri və peşə bacarıqları barədə məlumat vermək də xahiş olunur.
Böyük Britaniyanın Müdafiə Nazirliyi bu addımı müdafiə hazırlığının və çəkindirmə potensialının gücləndirilməsinə yönəlmiş praktiki tədbir kimi qiymətləndirib. Qurumun bildirdiyinə görə, bu, mümkün münaqişə riskinin azaldılmasına xidmət edir.
Söhbət ordudan yaxın vaxtlarda tərxis olunmuş və müstəsna hallarda hərbi xidmətə çağırılmaq öhdəliyini saxlayan sabiq hərbçilərdən gedir. Bu şəxslər adi mülki vətəndaşlardan fərqli olaraq strateji ehtiyat qüvvələrinə daxildirlər.
Bununla belə, hazırda ehtiyatda olan hərbçilərin təcili səfərbərliyə cəlb olunması nəzərdə tutulmur. Veteranlarla iş üzrə nazir Kelvin Beyli bildirib ki, məktublar onların hərbi xidmətə dərhal çağırılacağı anlamına gəlmir. Məqsəd zərurət yaranacağı təqdirdə onlarla əlaqə saxlamaq, bacarıq və təcrübələri barədə aktual məlumatlara malik olmaqdır.
"The Telegraph" yazır ki, Böyük Britaniya NATO-nun Şimali Atlantika Müqaviləsinin üzv dövlətlərin öz müdafiə imkanlarını inkişaf etdirməsini və silahlı hücum təhlükəsinə qarşı qarşılıqlı yardım göstərməsini nəzərdə tutan 3-cü maddəsinə daha ciddi yanaşmağa başlayıb.
Nəşrin məlumatına görə, Britaniya ordusunun şəxsi heyətinin sayı Napoleon müharibələrindən bəri ən aşağı səviyyəyə düşüb. Hazırda aktiv hərbi qulluqçuların sayı təxminən 73 min nəfərdir.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq daha əvvəl ölkəsinin 1 000 gün ərzində müharibəyə hazır olmalı olduğunu bildirib.