Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Britaniyanın Hempşir qraflığının Liminqton şəhərində yaşayan fermer İan Peyton 1 295,8 kiloqram ağırlığında və çevrəsi 6 metr olan nəhəng balqabaq yetişdirib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, “Bagheera” adlandırılan balqabaq Guinness Dünya Rekordları Kitabına dünyanın ən ağır balqabağı kimi daxil edilib.
Rekord şənbə günü Berkşir qraflığının Uorqreyv şəhərində keçirilən nəhəng tərəvəzlərin çəkisinin müəyyənləşdirilməsi yarışında qeydə alınıb. Guinness Dünya Rekordlarının rəsmi hakimi Sebastian Suski nəticəni təsdiqləyib.
Peyton balqabağın yetişdirilməsinə iki ay vaxt sərf edib və hər gün ona 5-6 saat qulluq edib. Nəhəng bitkiyə gündə təxminən 490 litr su verilib.
Fermerin sözlərinə görə, balqabağın böyük olduğunu artıq onu forkliftlə qaldırarkən anlayıb. Belə ki, yükün ağırlığı səbəbindən texnikanın bütün xəbərdarlıq işıqları yanıb.
Peyton bildirib ki, balqabağın bu ölçüyə çatmasında əsas amillərdən biri zoğların torpağa basdırılaraq əlavə köklərin formalaşdırılmasıdır. Onun sözlərinə görə, balqabaq bütün istiqamətlərdə sutkada təxminən 40 santimetr böyüyə bilir.
NURİYYƏ