Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Somali əsilli Sagal Abdi-Vali Böyük Britaniyada keçirilən aralıq seçkilərdə qalib gələrək parlamentə üzv seçilib. O, Holborn və Sent-Pankras seçki dairəsində keçmiş baş nazir Keer Starmerin yerini tutacaq.
Modern.az xəbər verir ki, bu barədə oktyabrın 9-da “Sky News” telekanalı məlumat yayıb.
Səsvermənin nəticələrinə görə, Leyboristlər Partiyasının namizədi Sagal Abdi-Vali 12 292 səs (45,17%) toplayıb. Yaşıllar Partiyasının namizədi Zak Polanski 8 928 səslə (32,81%) ikinci olub. Mühafizəkarlar Partiyasının təmsilçisi Yuen Kemeronu isə 1 922 seçici (7,06%) dəstəkləyib.
Məlumata görə, Somalidə doğulan Abdi-Vali 1990-cı illərdə vətəndaş müharibəsindən qaçaraq uşaq yaşlarında qaçqın kimi Böyük Britaniyaya gəlib.
O, 10 ildən çox müddətdə könüllü kimi fəaliyyət göstərib, yerli xeyriyyə təşkilatlarının qəyyumlar şuralarında təmsil olunub və bələdiyyə administrasiyasında çalışıb. Həmçinin iki məktəbin idarə heyətinin üzvü olub.
Abdi-Vali 2026-cı ilin mayından Londonun Kamden inzibati dairəsinin yerli şurasına rəhbərlik edir. O, bu vəzifəyə seçilən ilk qaradərili qadın olub. Bundan əvvəl, 2022-ci ildən etibarən şura üzvü kimi fəaliyyət göstərib və Kamdenin mənzil təsərrüfatı departamentinə rəhbərlik edib.
Bu vəzifədə olduğu müddətdə dairədə sosial mənzil fondunun yaxşılaşdırılması üçün 670 milyon funt sterlinqdən çox vəsaitin cəlb edilməsinə nail olub.
Abdi-Vali parlamentdə əsas məqsədinin evsizliyə qarşı mübarizə aparmaq olduğunu bildirib