Britaniyada hava nəqliyyatında yeni problem Reyslər ləğv edilir

21.09.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Britaniyada hava nəqliyyatının idarə edilməsi sistemində baş vermiş nasazlıq ölkənin bir neçə hava limanında reyslərin gecikməsinə və ləğvinə səbəb olub.

Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Nasazlıq Mançester, Qlazqo və Belfast hava limanlarında qeydə alınıb. Hava hərəkətinin idarə edilməsi sisteminin operatoru NATS bildirib ki, buna Şotlandiyadakı mərkəzlərindən birində baş vermiş nasazlıq səbəb olub.

London-Qatvik və London-Siti hava limanlarının sərnişinlərinə də mümkün gecikmələrlə bağlı xəbərdarlıq edilib. "British Airways" aviaşirkəti uçuş cədvəlində mümkün dəyişikliklər barədə məlumat verib, "easyJet" isə bir neçə reysi ləğv edib.

"easyJet"dən bildirilib ki, yeni insident NATS sistemlərinin dayanıqlılığı və bu cür nasazlıqların qarşısının alınması üçün tədbirlərin görülməsinin zəruriliyi məsələsini yenidən gündəmə gətirir.

Qeyd edək ki, bu, sentyabr ayında Böyük Britaniyanın aviasiya sistemində baş vermiş ilk ciddi nasazlıq deyil. Sentyabrın 8-də yaranmış problemlər səbəbindən 2,1 minədək reys ləğv edilib, 300 mindən çox sərnişinin planları pozulub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью