Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

16.08.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

London, 16 avqust, AZƏRTAC

Böyük Britaniyada su şirkətlərinə quraqlıq və tələbatın yüksək olduğu dövrlərdə istehlakçılardan daha yüksək ödəniş tələb etməyə icazə verilə bilər.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, ölkənin su sektorunu tənzimləyən “Ofwat” qurumunun nəzərdən keçirdiyi plana əsasən, su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur. Məqsəd su istehlakını azaltmaq və mövcud ehtiyatlardan daha səmərəli istifadəni təşviq etməkdir.

Təkliflər təsdiqlənərsə, su şirkətləri ilin müxtəlif dövrlərinə uyğun dəyişən tariflər tətbiq edə, həmçinin müəyyən edilmiş istehlak həddini aşan ev təsərrüfatlarından daha yüksək ödəniş tələb edə biləcəklər. Yeni tarif sistemlərinin əksəriyyətinin tətbiqi üçün evlərdə “ağıllı” su sayğaclarının quraşdırılması tələb olunacaq.

Planların təfərrüatları ölkənin dörddə üçünün quraqlıq vəziyyətində olduğu bir vaxtda açıqlanıb. Hazırda 27 milyon insanın yaşadığı ərazilərdə bağ şlanqlarından istifadəyə məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, Böyük Britaniyanın bir sıra bölgələrində meşə və otlaq ərazilərdə yanğınlar baş verir. Təkliflər yaxın həftələrdə “Ofwat” tərəfindən yekun şəkildə təsdiqlənərsə, yeni qaydaların gələn ilin aprelindən qüvvəyə minməsi nəzərdə tutulur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью