Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

27.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 27 sentyabr, AZƏRTAC

Böyük Britaniyada RAF Fairford hərbi bazası yaxınlığında baş verən ciddi insidentdən sonra beş nəfər saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, saxlanılan şəxslər əvvəlcə partlayıcı maddələr haqqında qanun çərçivəsində hüquq pozuntularında şübhəli bilinərək həbs olunublar. Daha sonra onların terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanıldığı bildirilib. Qlosterşir polisi bazar günü yerli vaxtla saat 00:45 radələrində RAF Fairford istiqamətində hərəkət edən üç şübhəli avtomobillə bağlı məlumat daxil olduğunu açıqlayıb. Polis rəsmisi Riçard Okon bildirib ki, insidentin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir. Təhlükəsizlik tədbirləri çərçivəsində ərazidəki 85 evin sakinləri təxliyə olunub.

Hadisə yerindən çəkilən görüntülərdə Britaniya ordusunun bomba zərərsizləşdirmə qrupunun əməliyyat apardığı, robotların isə mikroavtobuslara yaxınlaşdığı görünür. Araşdırmaya terrorla mübarizə polisi rəhbərlik edir. Saxlanılan beş nəfərin hazırda polis nəzarətində olduğu bildirilir.

RAF Fairford uzun müddətdir ABŞ ordusu tərəfindən irəli əməliyyat bazası kimi istifadə olunur. ABŞ Hərbi Hava Qüvvələri hadisədən sonra vəziyyəti diqqətlə izlədiyini və yüksək hazırlıq vəziyyətində qaldığını açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью