Britaniyalı diplomatın təklifi alyansı silkələdi: NATO bölünür?

10.08.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabiq britaniyalı deputat Nik Boulz Avropa Birliyini zəiflətmədən Ukrayna, Böyük Britaniya, Türkiyə və Kanada kimi ölkələri daha sıx iqtisadi və təhlükəsizlik əməkdaşlığına cəlb edəcək yeni Avropa konfederasiyası ideyasını irəli sürüb. O hesab edir ki, ABŞ-ın Avropadakı rolunun azalması fonunda qitə öz müdafiə məsuliyyətini artırmalı, Ukrayna isə Avropanın şərq sərhədinin qorunmasında əsas rol oynamalıdır. Təklif həmçinin Kanada, Yaponiya, Cənubi Koreya və Hindistan kimi ölkələrin enerji marşrutları, kritik minerallar və süni intellekt təhlükəsizliyi sahələrində bu yeni struktura qoşulmasını nəzərdə tutur.Türkiyə və Kanadanın da daxil olduğu yeni Avropa konfederasiyası ideyası Avropa Birliyini gücləndirə bilər, yoxsa qitədə paralel siyasi və təhlükəsizlik mərkəzlərinin yaranmasına səbəb ola bilər?

Siyasi şərhçi Aydın Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu NATO-nun daxilində gedən proseslər onun gələcəyi ilə bağlı son illərdə narahatlıqlar doğurur. Bu narahatlıqlara NATO–Avropa Birliyi münasibətlərində, habelə NATO–Amerika münasibətlərində yaranmış yeni yanaşmalar da təsir göstərir.

Aydın Quliyev vurğulayıb ki, NATO tarixdə bir neçə dəfə belə sınaqlardan çıxıb: “ Soyuq müharibənin sonunda, 90-cı illərin əvvəllərində hətta NATO-nun bir təşkilat kimi buraxılması ilə bağlı söhbətlər meydana gəlmişdi. O zaman başqa bir ideya ətrafında NATO-nun hələ də zəruri bir qurum kimi qalmasına qərar verildi.

Bu gün də NATO-nun daxilində onun ən böyük qüvvəsi olan ABŞ-la münasibətlərin gərgin xarakter alması NATO-nun gələcəyi ilə bağlı suallar doğurur. O cümlədən, NATO-nun Ukrayna məsələsində Rusiyanın əleyhinə vahid mövqe nümayiş etdirə bilməməsi də onun gələcəyi haqqında şübhəli fikirlərin yaranmasına səbəb olur. Bu fikirlərdən biri də həmin britaniyalı diplomatın NATO üzvü olan bir neçə ölkədən ibarət, NATO-dan kənar hərbi təhlükəsizlik qurumunun yaradılması ideyasıdır.

Bir ideya kimi britaniyalı diplomatın bu təklifi gözəl və cəlbedicidir, lakin onun praktik olaraq həyata keçirilmə imkanları demək olar ki, sıfıra bərabərdir. Ona görə ki, hələlik NATO-nun özü mövcuddur və NATO-nun mövcud olduğu bir şəraitdə onun üzvlərinin başqa bir hərbi-siyasi bloka qoşulması, eləcə də NATO-nun prinsiplərindən kənarda, hətta Hindistan kimi NATO üzvü olmayan ölkələrin də bu qurumda təmsil olunması qeyri-mümkündür”.

Aydın Quluyevin fikrincə, hazırda belə ideyaların meydana gəlməsi NATO-nun yenidən parçalanması ehtimalını gündəmə gətirir. Bir tərəfdən Ukraynaya münasibətdə Avropanın NATO üzvü olan ölkələri ilə ABŞ fərqli mövqedən çıxış etdiklərinə görə faktiki olaraq NATO bölünmüş vəziyyətdə görünür. Başqa tərəfdən isə onun bir neçə üzvünün NATO-dan kənarda, həmçinin NATO üzvü olmayan ölkələrin də cəlb edilməsi ilə yeni birliyin yaradılması ideyası NATO-nun ikinci dəfə parçalanması cəhdi kimi qiymətləndirilə bilər.

“Demək istəmirəm ki, britaniyalı diplomat məqsədli şəkildə NATO-nu parçalamaq üçün belə bir iddia ortaya atıb. Amma son nəticədə bu ideya həm həyata keçmə imkanlarından məhrumdur, həm də nəzəri olaraq həyata keçmiş olsa belə, NATO-nu növbəti dəfə parçalamaqdan başqa ciddi bir effekt verməz”-deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью