Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi

05.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 5 noyabr, AZƏRTAC

Böyük Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi ilə bağlı məlumatlar daxil olub.

AZƏRTAC xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, daxil olan hədələr qısa müddətdə araşdırılıb. Bu hava limanlarında uçuşların fəaliyyətinə təsir göstərməyib. Hitrou hava limanının rəhbərliyi hədələri real təhlükə kimi qiymətləndirməyib.

Hadisə Avropanın müxtəlif ölkələrində təyyarələrə qarşı ardıcıl bomba hədələrinin qeydə alındığı bir vaxta təsadüf edib.

Bu gün səhər saatlarında hədələr səbəbindən bir sıra sərnişin təyyarələri təcili eniş etməyə məcbur olub. Milan istiqamətində uçan iki təyyarə təhlükəsiz şəkildə yerə enib. London, Dublin, Madrid, Kopenhagen və Helsinkidən həyata keçirilən bəzi reyslər də təhlükəsizlik tədbirləri çərçivəsində Fransa, Bolqarıstan və Belçikadakı hava limanlarına yönləndirilib.

“Reuters” agentliyinin məlumatına görə, Avropada bomba hədələri ümumilikdə 25 aviareysə təsir göstərib. İndiyədək heç bir ölkə hədələrin arxasında kimin dayandığını açıqlamayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью