Brüssel gələcəyin gəlir çıxarını hesablayır

01.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Komissiya lideri öz sözünə sadiq qalacaqmı?

Ursula fon der Lyayen və komandası sentyabrın 16-da planlaşdırılan “Avropa İttifaqının Vəziyyəti” çıxışı üzərində intensiv işləyir. Həmin çıxışda Lyayen qarşıdakı illər üçün planlarını açıqlayacaq. Fon der Lyayenin ikinci mandatının başa çatmasına üç il qalır və bu müddət onun siyasi irsinin formalaşmasında həlledici ola bilər. Hazırda Avropanın həll etməli olduğu problemlərin siyahısı kifayət qədər uzundur.

Bunlara iqtisadi rəqabət qabiliyyətinin zəifləməsi, ABŞ və Çinlə artan rəqabət, Ukraynaya dəstək, müdafiə xərclərinin artırılması, iqlim siyasəti, enerji təhlükəsizliyi və Aİ-nin mümkün genişlənməsi daxildir. Lakin bütün istiqamətlərin hamısı pul tələb edir. Ona görə də Aİ-nin 2028–2034-cü illər üçün növbəti uzunmüddətli büdcəsi Ursula fon der Lyayenin qarşıdakı illərdə hansı vədləri reallaşdıra biləcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilir. Avropa Komissiyası bu dövr üçün, təxminən, 2 trilyon avroluq büdcə təklif edib. Maraqlı odur ki, bəhs edilən rəqəm nəhəng görünsə də, Avropanın qarşısında duran problemlərin miqyası da bir o qədər böyükdür.

Aİ daxilində artıq sözügedəm proseslə bağlı fikir ayrılığı formalaşmağa başlayıb. Bir tərəfdə ənənəvi maliyyələşmə istiqamətlərinin, yəni kənd təsərrüfatı və regional inkişafın qorunmasını istəyən ölkələr dayanır. Digər tərəfdə isə Avropanın yeni reallıqlara uyğunlaşması üçün daha çox vəsaitin müdafiə, innovasiya, texnologiya və sənayeyə yönəldilməsini tələb edən dövlətlər var. Daha dəqiq desək, büdcə məsələsi bir növ Avropanın gələcək modelinin necə formalaşmasına da təsir göstərəcək.

Köhnə niyyətlər, yeni çətinliklər

Avropa İttifaqının büdcəsində kənd təsərrüfatı və regional inkişaf uzun illərdir xüsusi yer tutur. Şübhəsiz, bu da üzv dövlətlər və regionlar arasındakı iqtisadi fərqləri azaltmaqdan qaynaqlanır. Aİ-nin daha zəngin ölkələri ilə nisbətən aşağı gəlir səviyyəsinə malik dövlətləri arasında ciddi fərqlər mövcuddur. Birlik siyasəti həmin fərqləri azaltmaq, zəif regionlara investisiya yönəltmək və bütün üzv ölkələrin vahid bazarın imkanlarından faydalanmasına şərait yaratmaq məqsədi daşıyır. Adıçəkilən sistemin əsas benefisiarları arasında Polşa, İspaniya, İtaliya və Yunanıstan kimi ölkələr yer alır. Həmin dövlətlərin daxil olduğu “Birlik siyasətinin dostları” adlandırılan qrup Aİ büdcəsində ənənəvi xərcləmə istiqamətlərinin qorunmasını istəyir. Onların mövqeyini anlamaq da çətin deyil. Çünki fermerlər son illərdə enerji və gübrə qiymətlərinin artması, iqlim dəyişiklikləri, beynəlxalq rəqabət və Aİ-nin ekoloji tələblərinin yaratdığı əlavə xərclərlə üzləşirlər. Regional inkişaf fondları isə bir çox ölkələrdə yolların, dəmir yollarının, məktəblərin, xəstəxanaların və digər infrastruktur layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. Bu ölkələr üçün kənd təsərrüfatı və regional fondların azaldılması milyonlarla insanın gündəlik həyatına və milli hökumətlərin iqtisadi siyasətinə birbaşa təsir göstərə bilər.

Avropa təhlükəsizliyi çox pul tələb edir

Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın təhlükəsizlik siyasətinə münasibətini kökündən dəyişib. Uzun illər ərzində Avropa ölkələrinin böyük hissəsi müdafiə xərclərini nisbətən aşağı səviyyədə saxlayırdı. NATO çərçivəsində ABŞ-ın hərbi imkanlarına güvənmək Avropa təhlükəsizlik modelinin mühüm elementlərindən biri idi. İndi isə vəziyyət fərqlidir. ABŞ-ın Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğu barədə tələbləri, NATO daxilində yük bölgüsü ilə bağlı mübahisələr və Ukrayna müharibəsinin davam etməsi İttifaq ölkələrini müdafiəyə daha çox vəsait ayırmağa məcbur edir. Brüssel də sözügedən istiqamətdə addımlar atır. Aİ müdafiə sənayesinin gücləndirilməsi, birgə silah tədarükünün artırılması və Avropanın öz hərbi istehsal imkanlarının genişləndirilməsi üçün yeni proqramlar hazırlayır. Lakin müdafiə sənayesinin inkişafı ucuz başa gəlmir. Yeni silah sistemləri, sursat istehsalı, hərbi texnologiyalar, peyk sistemləri, kəşfiyyat imkanları və müdafiə infrastrukturu milyardlarla avro tələb edir.

“Qənaətcil” ölkələr nə istəyir?

Aİ daxilində digər mövqeni Almaniya, İsveç, Danimarka və Niderland kimi daha “qənaətcil” ölkələr təmsil edir. Onlar büdcə xərclərinin nəzarətsiz şəkildə artmasına ehtiyatla yanaşır və hesab edirlər ki, Aİ qarşısında yeni prioritetlər yarandığı üçün mövcud vəsaitin daha səmərəli bölüşdürülməsi lazımdır. Onlar innovasiya, müdafiə və Avropa sənayesinin rəqabət qabiliyyətinə daha çox vəsait ayrılmasını istəyirlər. Mövcud yanaşmanın əsas arqumenti ondan ibarətdir ki, Avropa artıq, sadəcə, mövcud iqtisadi modelini qorumaqla gələcəkdə rəqabət apara bilməz. ABŞ texnologiya və süni intellekt sahəsində böyük üstünlüyə malikdir. Çin elektrik avtomobilləri, batareyalar, günəş panelləri və digər strateji sənaye sahələrində sürətlə irəliləyir. Avropa şirkətləri isə yüksək enerji qiymətləri və istehsal xərcləri ilə üzləşirlər. Belə şəraitdə Aİ-nin innovasiyaya və yeni texnologiyalara kifayət qədər investisiya qoymaması gələcəkdə daha böyük iqtisadi problemlər yarada bilər.

Elə sadaladığımız səbəblərdən dolayı Ursula fon der Lyayenin qarşısında konkret nəticələr göstərmək vəzifəsi dayanır. Avropanın sənayesini gücləndirmək istəyirsə, bunun üçün maliyyə tapmalıdır. Müdafiə imkanlarını artırmaq istəyirsə, yeni xərcləri əsaslandırmalıdır. Ukraynaya dəstəyi davam etdirmək istəyirsə, bunun uzunmüddətli maliyyə mexanizmini qurmalıdır. Sözsüz ki, bunların hamısını eyni vaxtda həyata keçirmək son dərəcə çətindir. Ona görə də 2028–2034-cü illər büdcəsi Lyayenin ikinci mandatının ən böyük siyasi sınaqlarından birinə çevriləcək.

Strateji tərəfdaşlıqlar niyə vacibdir?

Yeri gəlmişkən, Avropa öz nüfuzunu üzv dövlətlərlə yanaşı, strateji tərəfdaşlıqlar vasitəsilə də gücləndirməyə çalışır. Azərbaycanla münasibətlərin dərinləşdirilməsi Aİ üçün həm enerji mənbələrinin şaxələndirilməsi, həm də Avropa ilə Mərkəzi Asiya arasında bağlantının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Qarşılıqlı münasibətlərdə enerji xüsusi yer tutur. Rusiya qazından asılılığın azaldılmasının Aİ üçün strateji prioritetə çevrildiyi bir vaxtda Azərbaycanın enerji potensialı Brüsselin diqqətində qalır.

Bununla yanaşı, nəqliyyat və logistika sahəsində Azərbaycanın mövqeyi Avropa üçün getdikcə daha əhəmiyyətli olur. Orta Dəhlizin inkişafı Avropanı Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə birləşdirən alternativ marşrutların genişləndirilməsinə yeni imkanlar yaradır. Fon der Lyayenin rəhbərlik etdiyi Aİ üçün belə tərəfdaşlıqların əhəmiyyəti məhz burada ortaya çıxır. Yəni Avropa qlobal rəqabətin gücləndiyi bir dövrdə yalnız öz daxilində güclənməklə kifayətlənə bilməz. Enerji, ticarət, nəqliyyat və təhlükəsizlik sahələrində etibarlı tərəfdaşlarla əlaqələrin də genişləndirilməsi vacibdir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью