Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləməsi və Rusiyanın müdafiə sektoru ilə əlaqəli şirkət və şəxslərin qara siyahıya salınması Moskvanın iqtisadi və hərbi imkanlarına təsir göstərmək məqsədi daşıyır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi barədə razılıq əldə olunduğuna dair açıqlaması vəziyyəti daha da mürəkkəbləşdirir.
Bütün bunları nəzərə alsaq, Aİ-nin yeni sanksiyaları Rusiyanın iqtisadiyyatını zəiflətmək və müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq baxımından nə dərəcədə təsirli ola bilər? Sanksiyalar Moskvanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə məcbur edə bilərmi, yoxsa Rusiya mövcud məhdudiyyətlərə uyğunlaşaraq müharibəni davam etdirmək imkanlarını qoruyacaq?
Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
O, açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1.6 min hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq etməsi Rusiya iqtisadiyyatının və hərb maşının zəifləməsini gücləndirəcək.
"Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatını tam çökdürməsə də, önəmli şəkildə zəiflədib. Rusiyanın öz ərazisi üzərində texnoloji suverenliyi itirməsi də sanksiyaların nəticəsidir. Üstəlik, 4 il əvvəl super güc olan Rusiya indi Çindən tam asılı düşüb. Çinlə iqtisadi əlaqələr Rusiya iqtisadiyyatını tam dağılmaqdan xilas etdiyi kimi, Ukraynaya qarşı müharibəni də davam etdirməyə imkan qazanır", - deyə müsahibimiz qeyd edib.
Politoloq Xəqani Cəfərli
X. Cəfərli hesab edir ki, Rusiyanın hərbi əməliyyatları dayandıraraq atəşkəsə və sülhə razı olması Çinlə əlaqələrdən asılıdır:
"Əgər Avropa İttifaqının Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1.6 min hüquqi və fiziki şəxsə qarşı sanksiyası Çin üçün ciddi problemlər doğursa, o zaman Pekin Moskvanı atəşkəsə vadar edə bilər. Əks halda bu sanksiyalar istənilən nəticənin əldə olunmasına imkan verməyəcək".
Gülşən Şərif