Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aİ-nin miqrasiya siyasətində kimin sözü keçərlidir?
Avropa İttifaqı liderlərinin Brüsseldə bir araya gəldiyi zaman İspaniyanın daxili miqrasiya siyasəti gözlənilmədən gündəliyin ən isti mövzularından birinə çevrildi. İtaliyanın Baş naziri Corcia Meloni diqqətçəkən bir addım ataraq həmkarı Pedro Sançezi birbaşa tənqid atəşinə tutdu. Məsələnin kökündə Madridin ölkədə qalan təxminən 500 min sığınacaq axtaran şəxsə leqal status vermək qərarı dayanırdı. Prosesin yalnız İspaniyaya aid olmadığını, bütün Avropa üçün ciddi nəticələr doğura biləcəyini iddia edən Meloniyə görə, qərar müttəfiqlərlə əvvəlcədən müzakirə edilməli idi.
Qapalı otaqda açıq mübarizə
Meloni İspaniyanın miqrasiya qərarını müzakirəyə çıxarmaqla bildirdi ki, leqallaşdırma addımına “barmaqarası” baxmaq olmaz. Çünki Aİ daxilindəki sərbəst hərəkət hüququ sayəsində leqal status almış hər bir şəxs nəzəri cəhətdən istənilən üzv dövlətə keçid edə bilər. Sançez isə bu narahatlıqlara qəti şəkildə etiraz edərək leqal status almış miqrantların böyük hissəsinin Latın Amerikasından olduğuna diqqət çəkib. Görünür, ispaniyalı nazir bu arqumentlə sözügedən məsələnin Avropa qitəsinə dəniz yolu ilə keçən nizamsız köç dalğaları ilə birbaşa əlaqəsinin olmadığını vurğulamaq istəyib. Sammitdən sonra da İspaniya hökuməti öz mövqeyini dəyişməyib. Rəsmi Roma isə hadisəni böyütməkdən çəkinib. Ölkə rəsmiləri görüşü “adi lider müzakirəsi” kimi xarakterizə edərək, bunun hər hansı bir qarşıdurma olmadığını söyləyiblər. Lakin diplomatik dairələr fikir mübadiləsini Aİ-dəki miqrasiya gərginliyinin son əlamətlərindən biri kimi dəyərləndiriblər.
Yeri gəlmişkən, Aİ mühüm qanunvericilik dəyişikliyini də rəsmiləşdirib. Üzv dövlətlərə sığınacaq müraciəti rədd edilmiş şəxsləri üçüncü ölkələrdəki xüsusi mərkəzlərə göndərməyə icazə verən mexanizm qəbul edilib. Birliyin bu addımının əsas məqsədi deportasiya prosesini sürətləndirmək, ölkəni tərk etməyə məcbur olanların qaytarılma prosesini idarəolunan hala gətirməkdir. Yeni mexanizmdən neçə ölkənin faktiki olaraq yararlanacağı hələlik bilinməsə də, Aİ üzvlərinin mühüm hissəsi sözügedən istiqamətdə addım atmağa hazır olduğunu artıq bəyan edib. Birlik daxilindəki 27 üzvdən 19-u Danimarka ilə İtaliyanın birgə hazırladığı məktuba imza atıb. Həmin sənəddə üçüncü ölkələrdəki saxlama mərkəzlərini daha fəal istifadə etmək çağırışını əks olunur. Sənəddə qeyd olunur: “Ölkələrimiz artıq mövcud imkanlardan, o cümlədən üçüncü ölkələrdə saxlama obyektlərinin yaradılmasından istifadə etmək yolunda ciddi addımlar atır. Biz bu prosesə şəxsən rəhbərlik etməyə hazırıq”.
İki fərqli Avropa
Brüsseldə baş verənlər Aİ-nin miqrasiya siyasəti üzrə dərinləşən fikir ayrılıqlarını bir daha göz önünə sərib. Yazının əvvəlində vurğuladığımız kimi, məsələnin bir tərəfində İspaniya, digər tərəfində isə İtaliya dayanır. Madrid üçüncü ölkələrdəki saxlama mərkəzlərinin yaradılmasına prinsipial olaraq qarşı çıxır. Hökumətin arqumentinə görə, bu cür strukturlar hüquqi dolaşıqlıq yaratmaqla yanaşı, insanlığa sığmayan şəraitə zəmin hazırlayar. İtaliya, Danimarka və onlarla həmfikir olan ölkələr hesab edirlər ki, nizamsız köçün qarşısını almaq üçün sərt tədbirlər şərtdir. Deportasiya mərkəzləri bu yolda əvəzolunmaz alətdir. Meloninin Brüsseldəki çıxışı məhz həmin məntiqin davamı olaraq başa düşülə bilər. Bir məqamı da qeyd edək ki, İspaniyanın miqrantlara leqal status verməsi ittifaqın siyasəti ilə ziddiyyət təşkil edir. Maraqlıdır ki, Sançez sammit zamanı öz yanaşmasını müdafiə edərkən İspaniyanın son aylardakı göstəricilərinə istinad edib. Onun sözlərinə görə, ölkənin tətbiq etdiyi siyasət effektiv nəticə verməkdədir. Rəsmi məlumatlara əsasən, cari ilin birinci rübündə İspaniyaya yönəlmiş qeyri-qanuni miqrant axını nəzərəçarpacaq dərəcədə zəifləyib. Daha dəqiq desək, Madridin seçdiyi yol mərkəzçi Avropa ölkələrinin qəbul etdiyi sərt xətdən fərqli olsa belə, öz nəticəsini verir.
Oktyabr gündəliyinə miqrasiya əlavəsi
Sammitdəki gərginliyin başqa bir fonu da var. Bu günlərdə Avropa Parlamentinin sədri Roberta Metsola sığınacaq müraciəti rədd edilmiş şəxslərin deportasiyasını daha tez icra etməyə imkan verən qanun layihəsini uğurla həyata keçirdi. Danimarkanın Baş naziri Mette Frederiksen bu addımı alqışlayaraq Metsolanı şəxsən təbrik etdi və bu prosesin irəliləməsindəki rolunu xüsusi olaraq vurğuladı. Frederiksenin ardıcıl təzyiqləri sayəsində miqrasiya məsələsi indi rəsmi olaraq oktyabr ayında keçiriləcək Avropa Şurası iclasının gündəliyinə salınıb. Şübhəsiz, sözügedən qərar çox əhəmiyyətlidir. Çünki Aİ liderlərinin miqrasiya mübahisəsi artıq mövsüm başa çatdıqdan sonra da öz aktuallığını qoruyub saxlayacaq.
Sonda bu nəticəyə gəlmək olar ki, cərəyan edən hadisələr Aİ-nin miqrasiya siyasəti ətrafında ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyini bir daha sübuta yetirdi. Hazırda İspaniya inteqrasiya yolunu seçərkən, ittifaqın böyük hissəsi kənarlaşdırma istiqamətinə üz tutub. Mövcud vəziyyəti analiz etdikdə, fərqli mövqelərin hələ xeyli müddət bir-biri ilə toqquşmağa davam edəcəyi görünür.
Züriyyə QARAYEVA,
politoloq
Corcia Meloni ilə Pedro Sançez arasında miqrasiya məsələsindəki fikir ayrılıqları Avropa İttifaqının miqrasiya siyasətində uzun illər mövcud olan struktur parçalanmanı nümayiş etdirir. İtaliyanın Baş naziri Corcia Meloni qeyri-qanuni miqrasiyanın sərt şəkildə məhdudlaşdırılmasını, xarici sərhədlərin gücləndirilməsini və miqrantların Avropaya çatmamış üçüncü ölkələrdə saxlanılmasını müdafiə edir. İspaniyanın Baş naziri Pedro Sançez isə miqrasiyaya daha humanitar və iqtisadi yanaşmanın tərəfdarıdır, əmək bazarının ehtiyaclarını və qanuni miqrasiya kanallarını ön plana çıxarır. Fərqli yanaşmalar Aİ daxilində vahid miqrasiya strategiyasının formalaşdırılmasını çətinləşdirir və üzv dövlətlər arasında həmrəylik mexanizmini zəiflədir.
Daha geniş mənada isə mübahisə Avropa İttifaqının gələcəyi ilə bağlı ideoloji xəttin bir hissəsidir. Cənubi Avropanın sərhəd ölkələri daha çox təhlükəsizlik və yük bölgüsü tələb etdiyi halda, bəzi hökumətlər miqrasiyanı demoqrafik və iqtisadi problemlərin həlli vasitəsi kimi görür. Nəticədə Brüsselin qəbul etdiyi qərarların icrasında ləngimələr yaranır, populist və avroskeptik qüvvələr üçün əlavə arqumentlər formalaşır. Birlik üçün əsas risk ondan ibarətdir ki, miqrasiya məsələsi təkcə sərhəd təhlükəsizliyi deyil, həm də siyasi həmrəylik sınağına çevrilir və Meloni–Sançez xəttində görünən fikir ayrılıqları gələcəkdə Aİ-nin xarici siyasət, təhlükəsizlik və inteqrasiya gündəminə də təsir göstərə bilər.
Nəzrin ELDARQIZI
XQ