Brüsseldə Zəfərdən danışılıb

09.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Brüssel, 6 noyabr, AZƏRTAC

Belçikada Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Belçikadakı səfirliyinin dəstəyi, Brüssel-Azərbaycan Evinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Azərbaycan icmasının üzvləri və həmin ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Emin Rüstəmov, MADANİ platformasının rəhbəri Emin Əliyev, FireLand Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Yasəmən Abbasi, İRS Azərbaycan Belçika Tələbə Assosiasiyasınin həmsədri Nurlana Veysova, Belçikada təhsil alan tələbə, Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçısı Şamil Dağıstanlı çıxış edərək, xalqımızı Zəfər Günü münasibətilə təbrik ediblər. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən bəhs ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq və Zəfər salnaməsində müstəsna yer tutduğu, bu tarixi Qələbənin milli birliyimizin, həmrəyliyimizin və Vətənə sonsuz bağlılığımızın təntənəsi olduğu vurğulandı. Həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımızın da Zəfər Gününü hər il böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qeyd etdikləri diqqətə çatdırılıb.

Daha sonra Mədəniyyət Nazirliyi və Kino Agentliyinin maliyyə dəstəyilə ərsəyə gəlmiş "Torpağı sanı yaşayasan" bədii qısametrajlı film nümayiş etdirilib.

Tədbirin sonunda vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, iştirakçılar musiqinin sədaları altında rəqs edərək bayram sevincini bölüşüblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью