Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropanın idarəçilik modeli dəyişirmi?
Fransada gələn il keçiriləcək prezident seçkiləri Avropa İttifaqının gələcək idarəçilik modeli ətrafında müzakirələri yenidən gündəmə gətirir. İfrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen prezident seçiləcəyi təqdirdə Brüsselin səlahiyyətlərini məhdudlaşdırmağı, milli hökumətlərin qərarvermə imkanlarını genişləndirməyi və Avropa Komissiyasının rolunu köklü şəkildə dəyişdirməyi planlaşdırır. Onun təklif etdiyi modeldə Komissiya müstəqil siyasi təşəbbüslər irəli sürən və ümum-Avropa siyasətinin istiqamətini müəyyənləşdirən qurumdan daha çox, üzv dövlətlərin iradəsinə xidmət edən “katiblik” funksiyasını yerinə yetirməlidir.
Le Pen mövqeyini Brüsseldə digər avropalı ifrat sağçı siyasətçilərlə görüşündən sonra keçirilən mətbuat konfransında açıqlayıb. O, son on ildə Fransada həyata keçirilən Avropa siyasətinin özünün müdafiə etdiyi yanaşmanın tam əksi olduğunu bildirib. Siyasətçinin fikrincə, Avropa miqyasında güclü siyasi birlik yaratmaq cəhdləri həm Avropanın, həm də ayrı-ayrı dövlətlərin suverenliyinin zəifləməsinə gətirib çıxarıb. “Onlar güclü Avropa istəyirdilər. Nəticədə, gücsüz Avropa əldə etdik. Onlar Avropanın suverenliyini istəyirdilər. Bizim əldə etdiyimiz isə milli suverenliyin zəiflədilməsi oldu”, – deyə Le Pen vurğulayıb.
Bəyanat onun Avropa inteqrasiyasına münasibətində əsas xətti bir daha ortaya qoyub. Avropa ölkələri arasında əməkdaşlıq davam edə bilər, lakin bu əməkdaşlıq milli hökumətlərin səlahiyyətlərini məhdudlaşdıran vahid siyasi mərkəzin formalaşmasına çevrilməməlidir. Le Penin yanaşması Aİ-nin mövcud institusional quruluşunda səlahiyyət bölgüsünün dəyişdirilməsini, Brüsselin qərarlarının milli hökumətlər üzərində təsirinin azaldılmasını və dövlətlərin öz siyasi prioritetlərini daha sərbəst müəyyənləşdirməsini nəzərdə tutur.
Le Penin təklifinin mahiyyəti Avropa Komissiyasının səlahiyyətlərinin azaldılması ilə də məhdudlaşmır. O, Avropa İttifaqında siyasi legitimliyin əsas mənbəyinin milli hökumətlər olduğunu müdafiə edir və ümum-Avropa institutlarının dövlətlərə münasibətdə müstəqil qərarvermə imkanlarının məhdudlaşdırılmasını istəyir. Onun fikrincə, Avropa institutları üzv ölkələr üçün siyasi istiqamət müəyyənləşdirməməli, hökumətlər arasında əməkdaşlığı təmin edən mexanizm kimi fəaliyyət göstərməlidir. Bu yanaşma Aİ-nin hazırkı idarəçilik modeli ilə ciddi ziddiyyət yaradır. Avropa Komissiyası İttifaqın ümumi maraqlarını təmsil edən, qanunvericilik təşəbbüsləri irəli sürən və qəbul olunmuş Avropa hüququnun icrasına nəzarət edən əsas institutlardan biridir. Onun fəaliyyətini üzv dövlətlərin hökumətlərinin tapşırıqlarını yerinə yetirən katibliklə məhdudlaşdırmaq isə Avropa inteqrasiyasının siyasi və institusional əsaslarına yenidən baxılması anlamına gəlir.
Mövcud sistemdə milli hökumətlər Avropa İttifaqının qərarlarının qəbulunda mühüm rol oynasalar da, İttifaqın bütün institutları birbaşa onların göstərişləri ilə fəaliyyət göstərmir. Avropa Komissiyasının müəyyən müstəqilliyə malik olması ümumi qaydaların hazırlanması və tətbiqində üzv ölkələr arasında vahid yanaşmanın qorunmasına xidmət edir. Le Penin təklif etdiyi modeldə isə milli maraqların ümum-Avropa prioritetlərindən üstün tutulması əsas prinsipə çevrilir. Yəni nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi Fransa prezidentinin qərarı ilə birbaşa mümkün olmayacaq. Avropa Komissiyasının səlahiyyətlərinin əsaslı şəkildə dəyişdirilməsi Avropa İttifaqının hüquqi çərçivəsinə və müqavilələrinə toxunmağı tələb edə bilər. Belə addımlar isə digər üzv dövlətlərin razılığını və mürəkkəb institusional danışıqları zəruri edir. Ona görə də Le Penin proqramı Avropa səviyyəsində ciddi siyasi mübarizə tələb edən layihə kimi də xarakterizə oluna bilər.
Le Penin Avropa siyasəti ilə bağlı çıxışı Fransanın Aİ daxilindəki mövqeyi baxımından da diqqət çəkir. Paris Avropa inteqrasiyasının əsas siyasi mərkəzlərindən biri hesab olunur. Ölkə, həmçinin Almaniya ilə birlikdə İttifaqın iqtisadi və siyasi istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Lakin Le Penin yanaşması ənənənin yenidən nəzərdən keçirilməsini və Fransanın Brüssellə münasibətlərində daha sərt xəttin tətbiqini nəzərdə tutur.
Maraqlıdır ki, siyasətçinin Avropa Komissiyasına dair planları büdcə məsələsi ilə də birbaşa əlaqəlidir. Le Pen Fransa prezidentliyinə seçiləcəyi təqdirdə ölkənin Avropa İttifaqının büdcəsinə xalis töhfəsinin ildə 5 milyard avro ilə məhdudlaşdırılmasını müdafiə edir. O, bu addımı Fransanın dövlət maliyyəsini yaxşılaşdırmaq planının bir hissəsi kimi qələmə verir. Belə bir məhdudiyyətin həyata keçirilməsi isə Aİ büdcəsi ilə bağlı mövcud razılaşmaların yenidən müzakirəsini tələb edə və Parislə digər üzv dövlətlər arasında mübahisələrə səbəb ola bilər. Sözsüz ki, Avropa İttifaqının büdcəsi sadəcə üzv ölkələrin maliyyə öhdəliklərini əks etdirmir. Kənd təsərrüfatının dəstəklənməsi, regional inkişaf, elmi tədqiqatlar, infrastruktur və ümum-Avropa prioritetlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Fransanın töhfəsinin birtərəfli qaydada azaldılması cəhdi büdcənin bölüşdürülməsi ilə bağlı mövcud tarazlığı poza və digər ölkələrin də maliyyə öhdəliklərini yenidən nəzərdən keçirməsi üçün presedent yarada bilər.
Göründüyü kimi, Le Penin mövqeyi Aİ daxilində büdcə siyasəti ilə bağlı artıq mövcud olan fikir ayrılıqları fonunda səslənir. Bəzi ölkələr ümumi xərclərin azaldılmasını və maliyyə intizamının gücləndirilməsini tələb etdiyi halda, digərləri Avropanın iqtisadi rəqabət qabiliyyətinin və strateji imkanlarının qorunması üçün daha geniş maliyyə resurslarına ehtiyac olduğunu düşünür. Belə şəraitdə Fransanın mümkün sərt mövqeyi büdcə danışıqlarını daha mürəkkəb edir.
Nəzrin ELDARQIZI
XQ