Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa niyə Vaşinqtonun kölgəsindən çıxa bilmir?
Əbu-Dabi danışıqları, Avropada dərinləşən siyasi fikir ayrılıqları və qlobal güc balansında baş verən dəyişikliklər Avropa İttifaqının (Aİ) beynəlxalq siyasətdəki mövqeyini yenidən gündəmə gətirir. Vaxtilə dünya siyasətinin əsas aktorlarından biri kimi çıxış edən Brüssel getdikcə daha çox Vaşinqtonun müəyyən etdiyi gündəliyə uyğun hərəkət etmək məcburiyyətindədir. Bu, transatlantik tərəfdaşlığın təbii nəticəsidir, yoxsa Avropanın müstəqil siyasi iradəsinin zəifləməsinin göstəricisi? Müasir dövrdə güc anlayışı başqalarının qəbul etdiyi qərarlara təsir göstərmək, danışıqların istiqamətini müəyyənləşdirmək və öz maraqlarını beynəlxalq gündəliyin mərkəzinə çıxarmaq bacarığı ilə xarakterizə olunur. İqtisadi potensialı, geniş institusional imkanları və diplomatik təcrübəsinə baxmayaraq, Aİ-nin də bir sıra strateji məsələlərdə təşəbbüsü ABŞ-a verdiyi görünür.
Prosesin aktual nümunələrindən biri Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan Əbu-Dabi danışıqlarıdır. Noyabrın 10-11-də ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşlər Avropanın gələcək təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır. Danışıqların nəticəsində genişmiqyaslı hərbi əsir mübadiləsi ilə bağlı prinsipial razılıq əldə olunsa da, atəşkəs, ərazi məsələləri və müharibənin başa çatdırılması ilə bağlı fikir ayrılıqları aradan qalxmadı.
Avropa nümayəndələri Vaşinqton və Kiyevlə məsləhətləşmələr aparsalar da, Rusiya ilə birbaşa üçtərəfli danışıqların əsas iştirakçıları sırasında yer almadılar. Moskvanın Avropa və NATO təmsilçiləri ilə eyni formatda görüşməkdən yayınması mənzərəni daha mürəkkəb edir. Yəni Aİ üçün problem danışıqlar masasında kifayət qədər təmsil olunmamaqla yekunlaşmır. Paraleldə birliyin öz təhlükəsizliyinin gələcəyinə dair qərarların qəbulunda nə dərəcədə söz sahibi olmasıdır.
Ukraynada müharibənin necə başa çatacağı, Rusiyanın Avropa təhlükəsizlik sistemindəki yeri və sonra hərbi-siyasi balansın necə qurulacağı Avropanın gələcəyini müəyyənləşdirəcək. Buna baxmayaraq, prosesin diplomatik ağırlıq mərkəzinin Vaşinqtonda cəmləşməsi Brüsselin strateji müstəqilliyi ilə bağlı müzakirələri gücləndirir. ABŞ Prezidenti Donald Tramp administrasiyası Moskva ilə birbaşa təmaslar quraraq müharibənin dayandırılması istiqamətində öz diplomatik xəttini irəli sürür. Rəsmi Vaşinqtonun yanaşması heç də həmişə Avropa paytaxtlarının mövqeyi ilə üst-üstə düşmür. Xüsusilə Ukraynanın müharibədən sonrakı təhlükəsizlik təminatları və Rusiyanın Avropa təhlükəsizlik sistemindəki gələcək rolu məsələsində tərəflərin fərqli baxışları var.
***
Aİ-nin prosesdəki mövqeyinə gəldikdə, bunu ABŞ-ın siyasi iradəsindən asılılıqla izah etmək düzgün olmazdı. Çünki Brüssel noyabrın 10-da Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ və NATO nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələrdə öz mövqeyini ortaya qoyub. Avropa tərəfi istənilən razılaşmanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli olduğunu, təhlükəsizlik təminatlarının isə etibarlı mexanizmlərə əsaslanmasının vacibliyini bəyan edib. Amma Aİ-nin iqtisadi və siyasi potensialı böyük olsa da, hərbi təhlükəsizlik sahəsində ABŞ-dan asılılıq ciddi problem olaraq qalır. Avropa Parlamentinin 15 oktyabr 2026-cı il tarixli araşdırmasında qeyd olunur ki, NATO çərçivəsində ABŞ Avropanın müdafiəsi üçün vacib hərbi imkanlar təqdim edir. Xüsusilə kəşfiyyat, hava hücumundan müdafiə, strateji logistika sahələrində Amerika imkanlarını qısa müddətdə əvəzləmək asan deyil. Araşdırmada bəzi əsas hərbi imkanların əvəzlənməsi üçün beş-on il davamlı investisiya və siyasi koordinasiyanın tələb oluna biləcəyi vurğulanır. Belə bir asılılıq Vaşinqtonun siyasi qərarlarının Avropa üçün əhəmiyyətini daha da artırır. ABŞ-ın müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı tələbləri, NATO daxilində məsuliyyətin yenidən müəyyənləşdirilməsi və Avropa ölkələrinin öz təhlükəsizliklərinə daha çox vəsait ayırması çağırışları transatlantik münasibətlərin mahiyyətini dəyişir.
Aİ-nin beynəlxalq nüfuzuna təsir edən səbəblər xarici amillərlə bitmir. İttifaq daxilindəki siyasi parçalanma da onun vahid güc mərkəzi kimi çıxış etməsinə mane olur. Son günlər Ukraynaya maliyyə yardımının davam etdirilməsi ilə bağlı mübahisələr bu problemin növbəti nümunəsinə çevrilib. Almaniya kansleri Fridrix Merts Ukraynaya əlavə maliyyə dəstəyinin təmin edilməsini Aİ-nin növbəti uzunmüddətli büdcəsinin razılaşdırılması ilə əlaqələndirib. Berlinin mövqeyinə görə, Kiyevin 2027-ci il üçün maliyyə ehtiyaclarının qarşılanmasında bütün üzv dövlətlər məsuliyyət daşımalıdır. Lakin Slovakiya, Macarıstan, Çexiya və Bolqarıstan bu yanaşmaya etiraz ediblər. Əslində, sözügedən fikir ayrılığı Avropa ölkələrinin təhlükəsizlik və xarici siyasət prioritetlərinin nə dərəcədə fərqləndiyini göstərir. Bu mənzərə fonunda Brüsselin Vaşinqton qarşısında vahid mövqe nümayiş etdirməsi də çətinləşir. Çünki beynəlxalq danışıqlarda təsir imkanları siyasi həmrəylikdən qaynaqlanır. Üzv dövlətlər əsas məsələlərdə ortaq mövqeyə gələ bilmədikdə, kənar aktorların təşəbbüsü ələ alması üçün daha geniş imkan yaranır.
***
Aİ-nin tamamilə ABŞ-ın siyasi orbitinə daxil olduğunu söyləmək reallığı sadələşdirməkdir. Aİ dünyanın ən böyük iqtisadi və ticarət mərkəzlərindən biri olaraq qalır. Onun normativ gücü, diplomatik əlaqələri, maliyyə imkanları və beynəlxalq institutlardakı mövqeyi Vaşinqtonla münasibətlərdə müəyyən müstəqil hərəkət imkanları yaradır. Üstəlik, ABŞ özü də Avropanın iqtisadi və təhlükəsizlik baxımından sabitliyində maraqlıdır. Deməli, transatlantik münasibətlər birtərəfli asılılıqdan daha mürəkkəb qarşılıqlı maraqlar sistemidir.
Züriyyə QARAYEVA,
politoloq
Son dövrlərdə Avropada müşahidə olunan siyasi böhranlar, iqtisadi qeyri-sabitlik, miqrasiya problemləri və təhlükəsizlik təhdidləri Avropa İttifaqının beynəlxalq münasibətlər sistemindəki mövqeyinə ciddi təsir göstərir. Xüsusilə üzv dövlətlər arasında xarici siyasət və təhlükəsizlik məsələlərində fikir ayrılıqlarının dərinləşməsi Brüsselin vahid geosiyasi aktor kimi çıxış etmək imkanlarını məhdudlaşdırır. Rusiya–Ukrayna müharibəsi fonunda Avropanın ABŞ-ın hərbi və təhlükəsizlik təminatlarından asılılığının daha aydın görünməsi də Aİ-nin strateji muxtariyyət iddialarını sual altına qoyur. Digər tərəfdən, enerji təhlükəsizliyi, sənaye rəqabətliliyi və sosial narazılıqlar Avropa dövlətlərini getdikcə daha çox daxili problemlərə fokuslanmağa məcbur edir.
Hesab edirəm ki, burada əsas problem Avropa İttifaqının iqtisadi potensialının zəifləməsindən daha çox, onun siyasi iradəsi ilə geosiyasi ambisiyaları arasındakı uyğunsuzluqdur. Brüssel beynəlxalq hüquq, demokratiya və təhlükəsizlik məsələlərində qlobal gündəmi müəyyənləşdirmək iddiasında olsa da, konkret böhranlar zamanı vahid və təsirli qərarların qəbul edilməsində çətinlik çəkir. ABŞ, Çin və Rusiya kimi güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi isə Avropanın manevr imkanlarını daha da daraldır. Bununla belə, Aİ-nin böyük iqtisadi bazarı, ticarət əlaqələri və diplomatik təsir imkanları hələ də əhəmiyyətlidir. Lakin mövcud tendensiyalar davam edərsə, Avropa İttifaqının beynəlxalq nüfuzunun nisbi zəifləməsi daha aydın görünəcək. Artıq əsas sual Avropanın qlobal güc olub-olmaması deyil, onun dəyişən dünya nizamında müstəqil qərarlar qəbul edə bilən geosiyasi gücə çevrilib-çevrilməyəcəyidir.
Nəzrin ELDARQIZI
XQ