Brüsselin İrəvan siyasəti ciddi suallar doğurur

15.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aİ-nin regiona münasibətdə tarazlığı qoruması geosiyasi önəm daşıyır

Cənubi Qafqazda son 5 ildə əvvəlki dövrlərdən tamamilə fərqli siyasi reallıq formalaşıb. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda qüvvələr nisbətini dəyişdirib. Prezident İlham Əliyevin iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər məhz bu reallığa söykənir.

Dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz siyasi, iqtisadi və nəqliyyat baxımından hələ tam inteqrasiya olunmayıb. Bu səbəbdən istənilən xarici oyunçunun regionla münasibətlərində həssas tarazlığı qoruması mühüm əhəmiyyət daşıyır: “Ola bilər ki, onlar indi əvvəlkindən daha aydın görünür, amma bu regionla məşğul olanlar şübhəsiz ki, həmin tendensiyaları görüblər. Buna görə də istənilən xarici oyunçu üçün Cənubi Qafqazla bütövlükdə münasibətlər qurmaq çox çətin bir işdir, çünki bu region konsolidasiya olunmayıb. O, siyasi, iqtisadi və ya nəqliyyat baxımından inteqrasiya olunmayıb. Biz belə bir başlanğıc mərhələdəyik”.

Prezident çıxışında Avropa İttifaqının (Aİ) Ermənistana münasibətdə nümayiş etdirdiyi yanaşmanın Azərbaycanda suallar doğurduğunu da vurğuladı. Onun sözlərinə görə, Ermənistanın regionun əsas nəqliyyat mərkəzi kimi təqdim olunması mövcud reallıqlarla tam uzlaşmır. Dövlətimizin başçısı bunun geosiyasi üstünlük yaratmaq cəhdləri ilə bağlı olduğunu bildirərək xarici aktorların Cənubi Qafqazı rəqabət meydanına çevirməkdən çəkinməsinin vacibliyini qeyd etdi.

Aİ-nin İrəvandakı nümayəndəliyi Ermənistanın ən fəal beynəlxalq tərəfdaşlarından biri hesab olunur. Nümayəndəlik klassik diplomatik fəaliyyətlə kifayətlənmir, eyni zamanda, dövlət idarəçiliyi, qanunvericilik, iqtisadiyyat, təhsil, yerli özünüidarəetmə, enerji, rəqəmsal inkişaf və vətəndaş cəmiyyəti istiqamətlərində çoxsaylı proqramların əlaqələndirilməsi ilə məşğul olur. Son illər Aİ Ermənistana 100 milyonlarla avro həcmində qrant və texniki yardım ayırıb. Bu vəsaitlər əsasən dövlət idarəçiliyinin təkmilləşdirilməsi, məhkəmə sisteminin yenilənməsi, korrupsiyaya qarşı mübarizə, sərhəd idarəçiliyi, iqtisadi islahatlar, kiçik və orta biznesin inkişafı, bələdiyyələrin imkanlarının genişləndirilməsi və rəqəmsal xidmətlərin tətbiqi kimi sahələrə yönəldilib. Ayrılan maliyyə paketlərinin bir hissəsi Ermənistanın iqtisadiyyat, ədliyyə, maliyyə, daxili işlər, ərazi idarəetmə və infrastruktur nazirlikləri, eləcə də Korrupsiya ilə Mübarizə Komissiyası və digər dövlət qurumları ilə birgə icra olunur.

Brüssel bu proqramları demokratik idarəetmənin gücləndirilməsi, şəffaflığın artırılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə izah edir. Aİ nümayəndəliyinin açıqlamalarında Ermənistanın davamlı inkişafına dəstək, qanunun aliliyinin möhkəmləndirilməsi və vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması əsas prioritetlər kimi göstərilir.

Lakin müşahidə olunan başqa bir məqam da var. Ayrılan maliyyə dəstəyi ilə yanaşı, Aİ-nin Ermənistanın daxili qərarvermə proseslərində təsir imkanlarının da genişləndiyi barədə qiymətləndirmələr səsləndirilir. Xüsusilə məhkəmə islahatları, seçki qanunvericiliyinin yenilənməsi, korrupsiyaya qarşı mübarizə mexanizmləri və dövlət idarəçiliyində həyata keçirilən dəyişikliklər Aİ ekspertlərinin və maliyyələşdirdiyi proqramların yaxından iştirakı ilə müşayiət olunur.

Ermənistan hökuməti bunu Avropa standartlarına yaxınlaşmanın tərkib hissəsi kimi təqdim edir. Bir sıra beynəlxalq müşahidəçilər də bu əməkdaşlığın dövlət idarəçiliyinin keyfiyyətinə müsbət təsir göstərdiyini bildirirlər. Bununla yanaşı, bəzi siyasi analitiklər hesab edirlər ki, geniş maliyyə və texniki dəstək zaman keçdikcə Brüsselin siyasi təsir imkanlarını da artırır. Onların fikrincə, maliyyə proqramları təkcə iqtisadi inkişaf vasitəsi deyil, həm də tərəfdaş ölkənin idarəçilik modelinin formalaşmasına təsir göstərən alətlərdən biridir.

Aİ-nin fəal iştirak etdiyi istiqamətlərdən biri də seçki sisteminin təkmilləşdirilməsi və seçki institutlarının dəstəklənməsidir. Seçici siyahılarının yenilənməsi, seçki administrasiyasının hazırlığı, rəqəmsal həllərin tətbiqi və müşahidə mexanizmlərinin inkişafı üzrə müxtəlif layihələr həyata keçirilir. Bu proqramların məqsədi seçki prosesinin şəffaflığını artırmaq kimi təqdim edilsə də, bəzi ekspertlər xarici tərəfdaşların bu sahədə artan rolunun siyasi həssaslıq yaratdığını da qeyd edirlər.

Məhkəmə sistemində aparılan islahatlar da Brüsselin dəstəyi ilə həyata keçirilən əsas istiqamətlər sırasındadır. Hakimlərin hazırlığı, elektron məhkəmə sistemlərinin yaradılması, qanunvericiliyin Avropa təcrübəsinə uyğunlaşdırılması və hüquqi yardım mexanizmlərinin genişləndirilməsi bu əməkdaşlığın əsas elementləridir. Bununla yanaşı, Ermənistan daxilində də zaman-zaman bu proseslərin sürəti, mahiyyəti və siyasi nəticələri barədə fərqli fikirlər səsləndirilir. Aİ korrupsiyaya qarşı mübarizə sahəsində də geniş proqramlar həyata keçirir. Elektron satınalmalar, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, gəlir bəyannaməsi sisteminin inkişafı və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə layihələr Brüsselin maliyyə dəstəyi ilə reallaşdırılır. Rəsmi İrəvan bu proqramları dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar kimi qiymətləndirir.

Son illərdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi də diqqət çəkir. Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının fəaliyyəti ilə yanaşı, sərhəd idarəçiliyi, böhranların idarə olunması və hüquq-mühafizə orqanlarının hazırlığı üzrə müxtəlif layihələr həyata keçirilir. Aİ bu fəaliyyətin regional sabitliyə xidmət etdiyini bildirir.

***

Azərbaycan isə bu məsələyə haqlı olaraq fərqli yanaşır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan istiqamətində həyata keçirilən bəzi təşəbbüslər regionda balansın qorunmasına xidmət etmir və Aİ daha həssas mövqe nümayiş etdirməlidir. Xüsusilə Ermənistanın sürətlə Avropa siyasi və təhlükəsizlik strukturlarına yaxınlaşdırılması ilə bağlı addımların sülh prosesinə təsirləri barədə narahatlıqlar ifadə olunur. Son illərdə Brüsselin Ermənistanla münasibətlərinin intensivləşməsi həm də geosiyasi rəqabətin tərkib hissəsi kimi qiymətləndirilir. Ermənistan bir tərəfdən Aİ ilə əlaqələrini genişləndirir, digər tərəfdən isə Rusiya ilə münasibətlərində əvvəlki səviyyəni qorumaqda çətinlik yaşayır. Bu şəraitdə Aİ-nin ölkədə artan iqtisadi və siyasi iştirakı təkcə ikitərəfli əməkdaşlıq məsələsi deyil, həm də daha geniş regional proseslərin bir hissəsinə çevrilir.

Ekspertlərin bir qismi hesab edir ki, Aİ-nin Ermənistana göstərdiyi dəstək ölkənin iqtisadi dayanıqlılığını və idarəetmə imkanlarını gücləndirə bilər. Digər yanaşmaya görə isə bu proses balanslı aparılmadıqda Cənubi Qafqazda yeni siyasi xətlərin formalaşmasına, region dövlətləri arasında etimadın zəifləməsinə və xarici güclər arasında rəqabətin dərinləşməsinə səbəb ola bilər.

Məhz buna görə Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər xüsusi aktuallıq kəsb edir. Azərbaycanın mövqeyinə görə, Cənubi Qafqazda uzunmüddətli sabitlik yalnız bütün dövlətlərə bərabər yanaşma, qarşılıqlı hörmət və regional reallıqların düzgün qiymətləndirilməsi əsasında mümkündür. Regionun hər hansı ölkəsini geosiyasi layihələrin əsas dayağı kimi ön plana çıxarmaq isə tərəflər arasında əlavə suallar yarada və sülh gündəliyinə mənfi təsir göstərə bilər.

Hazırkı mərhələdə Aİ-nin qarşısında duran əsas vəzifələrdən biri Ermənistana dəstək proqramlarını regional tarazlığı nəzərə almaqla həyata keçirməkdən ibarət olmalıdır. Çünki Cənubi Qafqazda davamlı sülhün təmin olunması yalnız iqtisadi layihələr və maliyyə paketləri ilə deyil, bütün tərəflərin legitim təhlükəsizlik maraqlarına həssas yanaşma nümayiş etdirilməsi ilə mümkün ola bilər. Məhz bu yanaşma həm Azərbaycan–Ermənistan normallaşma prosesinə, həm də regionun uzunmüddətli sabitliyinə daha çox töhfə verə bilər.

S.NAZİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью