Brüsselin Qrenlandiya qısqanclığı

05.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Avropa Arktikanın gələcəyində müşahidəçi olmaq istəmir

Qrenlandiya uzun illər Avropa siyasətinin kənarında qalan, əsasən Danimarkanın daxili siyasi məsələsi kimi qəbul edilən ərazi idi. Bu gün isə vəziyyət tamamilə dəyişir. Ada artıq Vaşinqton, Brüssel, Kopenhagen və Moskvanın strateji hesablamalarında xüsusi yer tutur. Arktikanın sürətlə dəyişən geosiyasi mənzərəsi Qrenlandiyanı tədricən qlobal güclər arasında rəqabətin yeni mərkəzlərindən birinə çevirir. Avropa İttifaqının son addımları da məhz bu dəyişimin göstəricisidir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin sentyabrın 7-8-də Qrenlandiyaya səfəri gözlənilir. Səfər çərçivəsində 200 milyon avroluq yeni investisiya paketinin təqdim olunması planlaşdırılır. Amma məsələ maliyyə yardımı və ya investisiyadan ibarət deyil. Brüssel bununla Arktikada öz siyasi və iqtisadi iştirakını daha görünən etmək, Qrenlandiya ilə uzunmüddətli münasibətlər qurmaq və regionda baş verən geosiyasi dəyişikliklərdən kənarda qalmamaq istəyir.

İqtisadi maraqlardan siyasi təsirə

Qrenlandiya hüquqi baxımdan Danimarka Krallığının tərkibində olan muxtar ərazi olsa da, adanın siyasi gələcəyi ilə bağlı müzakirələr getdikcə daha çox beynəlxalq xarakter alır. Adanın müstəqillik perspektivi uzun müddətdir siyasi gündəmdədir və iqtisadi müstəqillik prosesin əsas şərtlərindən biri hesab olunur. Danimarkadan maliyyə asılılığının azaldılması üçün isə, Qrenlandiyaya yeni investisiyalar, infrastruktur layihələri və təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi vacibdir. Məhz bu nöqtədə Avropanın maraqları ilə Qrenlandiyanın ehtiyacları kəsişir. Adanın yeraltı sərvətləri onun geosiyasi əhəmiyyətini daha da çoxaldır. Avropanın yaşıl və rəqəmsal iqtisadiyyata keçidi, eləcə də müdafiə sənayesinin inkişafı kritik xammala olan tələbatı sürətlə artırır. Çinlə bağlı tədarük asılılığını azaltmağa çalışan Aİ üçün alternativ mənbələrin tapılması hazırda strateji zərurətə çevrilib. Qrenlandiyanın zəngin mineral potensialı isə bu baxımdan Brüsselin diqqətindən kənarda qala bilməz. Amma Avropanın qarşısında başqa bir incə siyasi məsələ də dayanır. Daha dəqiq desək, Qrenlandiyanın təbii ehtiyatlarına çıxış əldə etmək başqa məsələdir, Qrenlandiya cəmiyyətinin etimadını qazanmaq isə tamam başqa. Ada iqtisadi müstəqillik əldə etdikcə, Danimarkadan siyasi asılılığını azaltmaq imkanları da genişlənəcək. Ona görə də, Avropanın qurduğu iqtisadi əlaqələr gələcəkdə adanın siyasi gələcəyinə təsir göstərə biləcək uzunmüddətli münasibətlər şəbəkəsinə çevrilə bilər.

Vaşinqton amili

ABŞ-ın Qrenlandiyaya münasibəti vəziyyəti daha da mürəkkəbləşdirir. Vaşinqton üçün Qrenlandiyanın əhəmiyyəti, ilk növbədə, onun coğrafi mövqeyi ilə bağlıdır. Ada Şimali Amerika, Avropa və Arktika arasında yerləşən nəhəng strateji platformadır. ABŞ burada hərbi və təhlükəsizlik baxımından mühüm imkanlara malikdir. Arktikanın açılması, yeni dəniz yollarının əhəmiyyət qazanması və Rusiya ilə strateji rəqabətin güclənməsi Qrenlandiyanın dəyərini artırır. Elə buna görə də ABŞ-ın Qrenlandiya ilə bağlı əvvəlki açıqlamaları Danimarkada və Avropada ciddi narahatlıq doğururdu. Vaşinqtonun adaya nəzarətlə bağlı ritorikası məsələni iqtisadi əməkdaşlıq çərçivəsindən çıxararaq suverenlik və təhlükəsizlik müstəvisinə gətirdi. Brüsselin hazırkı davranışı müəyyən mənada həmin siyasi reallığa cavabdır. Aİ Qrenlandiyaya iqtisadi və siyasi tərəfdaşlıq təklifi ilə yaxınlaşır ki, bu da Avropa üçün daha rahat və qəbulolunan modeldir. Brüssel Qrenlandiyanın inkişafına töhfə verən, yerli qərarvermə mexanizmlərinə hörmət edən və uzunmüddətli iqtisadi tərəfdaş rolunu üzərinə götürən aktor kimi görünmək istəyir. Başqa bir sual ortaya çıxır ki, Aİ həqiqətən alternativ ola bilərmi? Aİ-nin hərbi imkanları ABŞ-la müqayisəolunmazdır və Arktikanın təhlükəsizlik arxitekturasında Vaşinqtonun rolu hələ də dominantdır. Avropanın əsas üstünlüyü isə bazar, maliyyə, texnologiya və ticarət əlaqələrindədir. Bu səbəbdən Qrenlandiya Aİ üçün Avropanın geosiyasi çəkisini artırmaq üçün vasitədir.

Moskva və Pekin də oyundadır

Danimarka bütün prosesin mərkəzində dayanır. Kopenhagen Qrenlandiyanın suverenliyinin toxunulmaz olduğunu vurğulayır. ABŞ-ın artan marağı Danimarkanı NATO çərçivəsində Arktikadakı fəaliyyətini artırmağa və müttəfiqlərlə daha sıx əməkdaşlıq etməyə vadar edir. Bu baxımdan Aİ-nin Qrenlandiyaya iqtisadi cəhətdən daha çox daxil olması Kopenhagen üçün həm imkan, həm də yeni siyasi məsuliyyət yaradır. Çünki Qrenlandiyanın gələcəyi ilə bağlı hər hansı ciddi dəyişiklik, sadəcə, Danimarkanın daxili məsələsi olmayacaq.

Bundan başqa, Arktikada Rusiya və Çin faktorunu da nəzərdən qaçırmaq olmaz. Moskva regionda uzun illərdir hərbi və strateji imkanlarını genişləndirir. Çin isə özünü Arktikada iqtisadi və elmi aktor kimi möhkəmləndirməyə çalışır. Bu iki ölkənin regiondakı fəaliyyəti Qərb dövlətlərinin narahatlığını artırır. Görünür, Qrenlandiya ətrafında formalaşan rəqabət daha mürəkkəbdir.

Avropa Xarici Əlaqələr Şurasında (ECFR) tədqiqat direktoru Ceremi Şapiro Qrenlandiya məsələsini birbaşa ABŞ–Avropa münasibətləri və təhlükəsizlik kontekstində dəyərləndirir. Onun yanaşmasının əsas məğzi ondan ibarətdir ki, Qrenlandiya məsələsi ABŞ-ın Arktikadakı hərbi maraqları ilə yanaşı, ABŞ-ın Avropaya təhlükəsizlik təminatçısı kimi rolunun nə qədər davam edəcəyi və qitənin öz təhlükəsizliyi üçün nə qədər məsuliyyət götürməyə hazır olduğu barədə daha böyük sual doğurur: “Bu səbəbdən Avropanın əsas problemi ABŞ-la münasibətləri tamamilə dağıtmadan öz maraqlarını necə müdafiə etməkdir. Avropa ABŞ-la açıq qarşıdurmaya girərsə, NATO daxilində parçalanma dərinləşə bilər. Əksinə, Vaşinqtonun tələblərinə həddindən artıq yumşaq reaksiya verərsə, bu, Avropanın öz siyasi iradəsinin və təhlükəsizlik müstəqilliyinin zəif olduğu görüntüsünü yarada bilər. Ona görə qitə həm ABŞ-la təhlükəsizlik əməkdaşlığını qorumağa, həm də öz strateji imkanlarını artırmağa məcburdur”.

Sonda bir daha vurğulayaq ki, Qrenlandiya ABŞ və Avropa arasında transatlantik münasibətlərin, Rusiya ilə təhlükəsizlik rəqabətinin, Çinlə iqtisadi mübarizənin və gələcəyin kritik xammal siyasətinin kəsişdiyi məkana çevrilir.

Ursula fon der Lyayenin Qrenlandiyaya səfərini yeni investisiya paketinin təqdimatı kimi qiymətləndirmək doğru olmaz. Çünki səfər Avropanın Arktikada daha fəal siyasi rol oynamaq niyyətinin nümayişidir. Bəlkə də Arktikada yeni siyasi dövr məhz indi başlayır.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью