Brüsselin strateji seçimi

14.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təhlükəsizlik naminə genişlənmə

Avropa İttifaqının genişlənməsi uzun illər bürokratik prosedurlar, texniki hesabatlar və sonsuz islahat tələbləri arasında sıxışıb qalmışdı. Brüssel namizəd ölkələrə eyni mesajı verirdi: Əvvəlcə bütün şərtləri yerinə yetirin, sonra üzvlük haqqında danışarıq. Amma görünür, Avropa artıq həmin rahat dövrü geridə qoyub. Bu gün Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin üzvlüyü ətrafında aparılan müzakirələr əvvəlki illərdən fərqli məzmun daşıyır. Bu dəfə məsələyə Avropanın öz təhlükəsizliyi də daxildir.

Qitədə geosiyasi boşluq yarandıqda onu mütləq kimsə doldurur. Bir vaxtlar bu fikir nəzəri səslənirdi. İndi isə Avropanın şərqində davam edən müharibə onun real nəticələrini göstərir. Məhz buna görə Aİ rəhbərliyi genişlənməyə təhlükəsizlik siyasəti kimi yanaşmağa başlayıb. Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosun "genişlənmə təhlükəsizlik siyasətinə çevrilib" fikri təsadüfi deyil. Son aylar verilən qərarlar bu yanaşmanın praktik təzahürüdür. İyun ayında bütün üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk əsas klasterinin açılmasına razılıq verdilər, iyul ayında yeni danışıq mərhələləri başladı. Halbuki bir neçə il əvvələ qədər belə cəldliyi təsəvvür etmək belə olmazdı.

Ukraynanın Aİ-yə yaxınlaşdırılması məsələsinə gəldikdə, bu, Avropanın özünün harada dayanacağı ilə bağlı qərardır. Brüssel yaxşı anlayır ki, Ukrayna qeyri-müəyyən zonada qaldıqca qitənin təhlükəsizlik sistemi də qeyri-müəyyən olacaq. Ona görə də Ukraynanın inteqrasiyası həm də strateji investisiya kimi qiymətləndirilir. Eyni məntiq Moldova üçün də keçərlidir. Son aylar Aİ rəhbərliyi Kişineunun üzvlük yolunda irəliləyişini xüsusi vurğulayır. Brüsseldə keçirilən Aİ-Moldova sammitində Avropa liderləri ölkənin qurumda gələcəyini açıq şəkildə dəstəklədilər və üzvlük prosesinin sürətləndirilməsinin vacibliyini qeyd etdilər.

Qərbi Balkanlar isə Avropanın uzun müddət həll edə bilmədiyi siyasi tapmacaya çevrilib. Region ölkələri illərdir üzvlük gözləyirlər. Bu gözlənti uzandıqca Avropa ideyasına inam da zəifləyir. Elə bu səbəbdən, Avropa Şurasının Prezidenti Antonio Koşta bir neçə ay öncə Qərbi Balkanların Aİ-nin gələcəyinin ayrılmaz hissəsi olduğunu və onların üzvlüyünün geosiyasi investisiya sayıldığını bəyan etmişdi. Görünür, Avropa artıq genişlənməyə idealist layihə kimi baxmır. Soyuq müharibədən sonrakı dövrdə genişlənmə demokratiyanın yayılması vasitəsi hesab olunurdusa, bu gün daha sərt hesablamalar ön plana çıxıb. Brüssel hesab edir ki, əgər Balkanlar, Ukrayna və Moldova uzun müddət gözləmə vəziyyətində saxlanılsa, həmin bölgələrdə digər güclərin təsiri artacaq. Bu isə Avropanın strateji maraqlarına ziddir. Lakin prosesin qarşısında ciddi maneələr qalır. Ukrayna müharibə şəraitindədir, Moldova iqtisadi və siyasi təzyiqlərlə üzləşir. Balkanlarda isə islahatların tempi hər yerdə eyni deyil. Avroparlamentin son hesabatlarında Ukrayna və Moldovanın irəliləyişini müsbət qiymətləndirməklə yanaşı, korrupsiya və hüquq sistemi sahəsində islahatların davam etdirilməsinin vacibliyi vurğulanıb. Buna görə yaxın illərdə tam üzvlükdən daha çox mərhələli inteqrasiya modelinin gündəmə gəlməsi ehtimalı artır. Avropa siyasi dairələrində namizəd ölkələrin üzvlükdən əvvəl bəzi Aİ mexanizmlərinə qoşulması ideyası getdikcə daha çox müzakirə olunur.

Avropanın geosiyasi düşüncəsindəki dəyişiklik Ukrayna və Qərbi Balkanlara münasibətlə yanaşı, Cənubi Qafqazda da müşahidə edilir. Bir neçə il əvvəl Brüsselin region siyasətinin mərkəzində əsasən münaqişələrin idarə olunması dayanırdısa, indi diqqət getdikcə daha çox nəqliyyat marşrutlarına, enerji təhlükəsizliyinə və regional bağlantılara yönəlir. Bu dəyişiklik Azərbaycanın əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, Avropa Şurasının Prezidenti Antonio Koşta mart ayında Bakıya səfəri zamanı Azərbaycanla münasibətlərin "strateji əhəmiyyət" daşıdığını vurğuladı və tərəflər enerji, nəqliyyat, təhlükəsizlik və rəqəmsal əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə etdilər.

Diqqətçəkən digər məqam Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyul ayında Bakıda səsləndirdiyi fikirlər oldu. O, Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas qovşaqlardan birinə çevrildiyini bildirdi və Aİ-nin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağını açıqladı.

Sonda qeyd edək ki, Avropa uzun müddət Cənubi Qafqaza əsasən Şərq Tərəfdaşlığı Proqramının bir hissəsi kimi baxırdı. İndi isə regiona Qara dəniz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji dəhliz kimi yanaşılır. Bu yanaşmada Azərbaycanın mövqeyi xüsusilə ön plana çıxır. Çünki həm enerji resursları, həm Orta Dəhliz marşrutu, həm də Ermənistanla sülh prosesindən sonra formalaşa biləcək yeni nəqliyyat şəbəkələri Brüsselin diqqətini Bakıya daha çox yönəldir.

Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin məsləhətçisi

Avropa İttifaqının genişlənmə gündəliyi əvvəlkindən daha fəal görünsə də, prosesin geosiyasi amillərlə daha sıx şəkildə getməsi riski də eyni sürətlə artır. Hazırkı “aktiv” namizəd ölkələrin siyahısı, ehtimal ki, 2004-cü ildə baş vermiş son böyük genişlənmə dalğasından bəri ən əhəmiyyətli siyahıdır. Bu qrupa Qərbi Balkanlar və Şərqi Avropadan olan namizəd ölkələr daxildir və onların hər biri üzvlük danışıqlarının fərqli mərhələsindədir.

Lakin Aİ-nin namizəd ölkələrlə işləmə mexanizmi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb xarakter daşıyır. 2020-ci ilin fevralında Aİ üzvlük meyarlarını yenidən nəzərdən keçirərək danışıqlar prosesini istiqamətləndirməli olan tematik klasterlər sistemini tətbiq etdi. Nəzəri baxımdan məqsəd üzvlük prosesini daha sərt, ədalətli və çox nailiyyətlərə əsaslanan etmək idi. Ancaq sonrakı inkişaf göstərdi ki, bu yanaşmanın praktikada həyata keçirilməsi nəzərdə tutulduğundan xeyli çətindir.

Ümumən prosesdə iki əsas amil mühüm rol oynayır. Ayrı-ayrı üzv dövlətlərin daxili siyasəti və Aİ rəhbərliyinin izlədiyi daha geniş geosiyasi kurs. Birinci amil xüsusilə önəmlidir, çünki namizəd ölkələrin üzvlük prosesində irəliləməsi üçün üzv dövlətlərin yekdil razılığı tələb olunur. Bir sıra Aİ ölkələrində hakim hökumətlərlə yeni yüksələn siyasi qüvvələr arasında siyasi mübarizə gedir və bu rəqiblərin əksəriyyəti siyasi spektrin sağ qanadını təmsil edir. Buna Fransa və Almaniyanı nümunə göstərmək olar. Həmin ölkələrdə Avropa inteqrasiyasının daha da dərinləşməsinə qarşı çıxan sərt sağçı namizədlərə dəstək sabit olaraq qalır. İkinci amil isə bütövlükdə Aİ-yə təsir edən geosiyasi proseslərlə bağlıdır. İslandiyanı da nəzərə alsaq, hazırkı namizəd ölkələr siyahısı kifayət qədər geniş coğrafiyanı əhatə edir. Bu isə uzun müddətdir “gözləmə siyahısında” olan ölkələrlə son illər üzvlük iddialarını gücləndirmiş yeni namizədlər arasında həssas bir balans yaradıb.

Görünür, Aİ-nin namizəd ölkələrin irəliləyişini qiymətləndirərkən vurğuladığı demokratik və hüquqi meyarların ədalətli şəkildə tətbiqi məsələsi daha çox diqqət mərkəzinə düşəcək. Çünki müxtəlif ölkələr namizəd statuslarını gücləndirdikcə, bu meyarların həqiqətən bərabər və obyektiv şəkildə tətbiq olunub-olunmadığı daha ciddi şəkildə sorğulanacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью