Brüsselin zamanla yarışı

22.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Avropadakı seçkilər Aİ-nin büdcə müzakirələrini çətinləşdirə bilərmi?

Avropa İttifaqı (Aİ) qarşıdakı illər üçün maliyyə prioritetlərini müəyyənləşdirməyə çalışdığı bir vaxtda üzv dövlətlərdəki siyasi proseslər qurumun qərarvermə imkanlarını sınağa çəkir. Ukraynanın maliyyələşdirilməsi, müdafiə xərclərinin artırılması və qitə iqtisadiyyatının qlobal rəqabət şəraitində mövqeyinin qorunması üçün əlavə resurslara ehtiyac duyulur. Ona görə də Brüssel yeni uzunmüddətli büdcə üzrə razılaşma əldə etməlidir. Lakin milli maraqların toqquşması, hökumətlərin daxili siyasi problemləri və qarşıdan gələn seçkilər prosesi daha da mürəkkəbləşdirir.

Hazırda Aİ rəhbərliyinin qarşısında duran əsas vəzifə 2028–2034-cü illəri əhatə edəcək büdcə üzrə cari ilin sonunadək siyasi razılaşma əldə etməkdir. Sözügedən məqsədin yerinə yetirilməsi maliyyə məsələlərinin həllindən əlavə, üzv ölkələrin fərqli prioritetlər arasında kompromis tapmasından asılıdır. Çünki Avropa Komissiyasının təklif etdiyi təxminən 2 trilyon avroluq büdcə İttifaqın gələcək inkişafı üçün nəzərdə tutulsa da, onun həcmi, maliyyələşmə mənbələri və vəsaitlərin bölüşdürülməsi ilə bağlı müzakirələr hələ yekunlaşmayıb. Razılaşmanın gecikməsi isə yeni büdcənin vaxtında tətbiq olunması üçün zəruri qanunvericilik proseslərini çətinləşdirəcək. Ona görə də Avropada yaxın aylarda keçiriləcək seçkilər ayrı-ayrı ölkələrin siyasi gələcəyinə təsir göstərən hadisələrdir və İttifaqın ortaq qərar qəbul etmək qabiliyyətinə təsir edə bilər. Seçki kampaniyaları zamanı hökumətlərin milli maraqları və seçicilərin gözləntilərini ön plana çəkməsinin büdcəyə daha çox vəsait ayırmaq istəyənlərlə töhfələrin artırılmasına qarşı çıxanlar arasındakı fikir ayrılıqlarını dərinləşdirəcəyi düşünülür.

Qısa bir xatırlatma edək ki, Avropa Komissiyası bu ilin iyulunda Aİ-nin 2028–2034-cü illər üçün yeni çoxillik maliyyə çərçivəsi layihəsini təqdim edib. Təklifə əsasən, büdcənin həcmi təxminən 2 trilyon avro təşkil etməlidir. Yəni nəzərdə tutulan məbləğ Aİ-nin orta ümumi milli gəlirinin 1,26 faizinə bərabərdir. Komissiya hesab edir ki, dəyişən beynəlxalq şərait, təhlükəsizlik riskləri və iqtisadi rəqabət yeni maliyyə yanaşmasını zəruri edir. Yeni büdcənin hazırlanması əvvəlki maliyyə dövrləri ilə müqayisədə daha mürəkkəb geosiyasi şəraitdə həyata keçirilir. Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsi də maliyyə çərçivəsinin mühüm istiqamətlərindən biridir. Bundan başqa, bəzi üzv ölkələr qitə səviyyəsində daha böyük investisiyaların həyata keçirilməsini iqtisadi rəqabət qabiliyyətinin qorunması üçün vacib hesab edir. Bir qisim dövlətlər isə düşünür ki, daha yüksək töhfələrin ayrılması daxili maliyyə imkanlarını məhdudlaşdıra bilər. Fərqli yanaşmalar razılığın əldə edilməsini çətinləşdirdikcə, büdcə müzakirələri siyasi danışıqların əsas predmetinə çevrilir.

Büdcə danışıqlarına təsir göstərə biləcək amillərdən biri də İspaniyada yaranmış siyasi vəziyyətdir. Ölkədə hökumətin parlamentdə dayanıqlı dəstək əldə etməkdə çətinlik çəkməsi dövlət büdcəsinin təsdiqlənməsi prosesinə də təsir edib. Həmçinin İspaniya parlamenti bir neçə ay əvvəl hökumətin 2027-ci il üçün xərclər çərçivəsi təklifini rədd etmişdi. Ölkədə 2023-cü ildən bəri yeni dövlət büdcəsinin qəbul edilməməsi və əvvəlki büdcənin qüvvədə saxlanılması hökumətin parlamentdəki mövqeyinin nə qədər mürəkkəb olduğunu bir daha təsdiqləyir. Yaranmış vəziyyətin Avropa səviyyəsindəki danışıqlara mümkün təsiri seçkilərin nəticəsindən daha genişdir. Çünki hökumətin parlamentdə dəstək toplamaq üçün daxili siyasi qüvvələrlə danışıqlara daha çox vaxt ayırması onun Avropa gündəliyində çevik fəaliyyət imkanlarını məhdudlaşdıra bilər. Milli səviyyədə büdcə mübahisələrinin həll olunmaması hökumətin Avropa büdcəsi ilə bağlı mövqeyini müəyyənləşdirməsini də çətinləşdirə bilər.

Bəs, bunun səbəbi nədir? İlk növbədə, İspaniyanın Aİ daxilindəki rolu nəzərə alındıqda, ölkənin siyasi gündəmində baş verən dəyişikliklər ümum-Avropa müzakirələrindən təcrid olunmur. İspaniya həm İttifaqın maliyyə siyasətində, həm də iqtisadi və sosial proqramların həyata keçirilməsində iştirak edən əsas üzv dövlətlərdəndir. Elə bu səbəbdən Madridin Avropa büdcəsinin prioritetləri ilə bağlı mövqeyi digər ölkələrlə aparılan danışıqlarda əhəmiyyət kəsb edir. Lakin yenə də İspaniyadakı siyasi çətinliklərin Aİ büdcəsi üzrə razılaşmanı təkbaşına pozacağını söyləmək düzgün olmaz. Çünki əsas risk bir neçə üzv dövlətdə eyni vaxtda daxili siyasi gərginliyin artmasıdır. Belə şəraitdə hökumətlər ümum-Avropa kompromislərini dəstəkləmək əvəzinə, daxili siyasi mövqelərini qorumağa üstünlük verə bilərlər.

Büdcə danışıqlarında digər siyasi amillərdən biri Fransada gələn ilin aprel-may aylarında keçirilməsi nəzərdə tutulan prezident seçkiləridir. Rəsmi Paris İttifaqın aparıcı iqtisadiyyatlarından biri olmaqla yanaşı, Avropanın müdafiə siyasətinin, strateji müstəqillik təşəbbüslərinin və ümumi maliyyə prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Ona görə də ölkədə seçkiqabağı siyasi mübarizənin güclənməsi Brüsseldəki danışıqların gedişinə təsirsiz ötüşməyə bilər. Üstəlik, Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərinin qarşısında yeni büdcə üzrə razılaşmanın ilin sonunadək əldə olunmasının vacibliyini vurğulayıb. Onun xəbərdarlığının əsas səbəbi isə büdcə ilə bağlı qərarların daxili siyasi mübarizənin predmetinə çevrilmə ehtimalı ilə əlaqəlidir. Avropa diplomatları da qarşıdan gələn seçkilərin konsensus əldə edilməsini çətinləşdirə biləcəyinə diqqət çəkirlər.

Sonda bir daha bu qənaətə gəlmək olar ki, qarşıdakı seçkilər Aİ-nin siyasi gələcəyinə, iqtisadi və geosiyasi çağırışlara cavab vermək imkanlarına da təsir göstərəcək. Brüssel üzv dövlətlərin milli maraqları ilə ümum-Avropa prioritetləri arasında uzlaşma yaratmalıdır. Çünki büdcə danışıqlarının nəticəsi İttifaqın artan maliyyə ehtiyaclarını hansı mexanizmlərlə qarşılayacağını və ortaq qərarlar naminə nə dərəcədə kompromisə hazır olduğunu göstərəcək. Daxili siyasi rəqabətin güclənməsi razılaşmanı gecikdirərsə, Birlik həm yeni maliyyə çərçivəsinin vaxtında təsdiqi, həm də beynəlxalq rəqabət şəraitində vahid mövqeyini qorumaq baxımından əlavə çətinliklərlə üzləşə bilər.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью