Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yanvarın 28–30 tarixlərində Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türkiyə Respublikasına işgüzar səfər edib. Səfərin əsas məqsədi Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə akademik, elmi və innovativ əməkdaşlığın genişləndirilməsi, inklüziv və xüsusi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması olub.
Səfər çərçivəsində BSU-nun rektoru Anar Nağıyev Ankara şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib. Ardınca rektor Türkiyə Respublikası Prezident Kitabxanasını ziyarət edib, kitabxananın fəaliyyəti ilə tanış olub və fonda Azərbaycana dair nəşrlər hədiyyə edib.
A.Nağıyev Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş keçirib, mövcud əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi məsələlərini müzakirə edib. Səfər zamanı rektor Anar Nağıyev universitetin Süni İntellekt İnstitutu və Texnoloji Transfer Ofisinin fəaliyyəti ilə də tanış olub.
Daha sonra rektor A. Nağıyev Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran ilə görüş keçirib, akademik əməkdaşlığın genişləndirilməsi və birgə təhsil proqramlarının icrası istiqamətində fikir mübadiləsi aparıb. Eyni zamanda rektor Təhsil Elmləri Fakültəsinin Xüsusi Təhsil bölümü, tətbiq olunan tədris modelləri və inklüziv təhsil təcrübələri ilə yaxından tanış olub. Görüşlərdə Xüsusi Təhsil üzrə birgə magistr proqramının hazırlanması perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində A. Nağıyev Hacettepe Universitetinin Teknopark mərkəzinin rəhbərliyi ilə görüşərək tələbə və məzunların startup layihələrinə cəlb olunması, innovasiya mühitində iştirak imkanlarını müzakirə edib.
Rektor Yunus Emre İnstitutunun rəhbəri Abdurrahman Aliy ilə görüş zamanı tələbə mübadiləsi, BSU-da türk dili və ədəbiyyatı üzrə tədris vəsaitlərinin təminatı və Türkiyədə Azərbaycan dilinin tədrisi məsələlərinə toxunub.
Həmçinin rektor Türk Əməkdaşlıq və Koordinasiya Agentliyini (TİKA) ziyarət edib, inklüziv təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb.
Səfər zamanı rektor Anar Nağıyev Ankara Sosial Bilimlər Universitetinin rəhbərliyi ilə görüşüb, sosial innovasiyalar, elmi-tədqiqat və universitet–sənaye əməkdaşlığı sahəsində mümkün tərəfdaşlıqlar müzakirə olunub.
İşgüzar səfər çərçivəsində rektor Ankara şəhərində fəaliyyət göstərən xüsusi təhsil müəssisələrini ziyarət edib, autizm spektrli uşaqlar üçün tətbiq olunan təhsil modelləri ilə yerində tanış olub.
Səfərin mühüm nəticələrindən biri olaraq, BSU-nun rektoru Anar Nağıyev Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universiteti ilə akademik və elmi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb.