Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna 2027-ci ildə Avropa Birliyinə qoşula bilməyəcək.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
"1 yanvar 2027-ci ildə üzvlükdən söhbət gedə bilməz. Bu, mümkün deyil", - Merts qeyd edib. O bildirib ki, bütün Aİ üzvlüyünə namizədlər lazımi meyarlara cavab verməlidir və Ukrayna da istisna deyil. Ölkənin tələblərə cavab verməyə başlaması üçün ən azı bir neçə il keçməlidir. "Bu, uzunmüddətli bir prosesdir", - Merts vurğulayıb. O əlavə edib ki, bununla yanaşı, Kiyevin birliyə üzv olmaq perspektivi olmalıdır.
Daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski Aİ-yə üzvlüyün Kiyev və Avropa üçün əsas təhlükəsizlik qarantiyası olduğunu bildirmişdi: "Buna görə də biz konkret bir tarixdən - 2027-ci ildən danışırıq və tərəfdaşlarımızın mövqeyimizə dəstəyinə ümid edirik". Amerika, Ukrayna və Avropa rəsmiləri Ukraynanın 2027-ci ildə Aİ-yə qoşulmasının sülh planının bir hissəsi kimi müzakirə olunduğunu bildirmişdilər. Lakin onlar qeyd ediblər ki, bəzi Aİ üzvləri, xüsusən də Macarıstan belə bir qərara qarşıdır. Bir neçə Avropa rəsmisi də “Reuters” ilə söhbətlərində Ukraynanın 2027-ci ilə qədər qəbul edilməsinin tamamilə mümkünsüz olduğunu vurğulayıblar.
“Financial Times” öz mənbələrinə istinadla yazıb ki, Ukraynaya AB üzvlüyü verilərsə, Zelenski ərazi güzəştlərinə razı ola bilər. Onlar iddia ediblər ki, Ukrayna lideri bunu xalqa qələbə kimi təqdim edə bilər.
Ukrayna Rusiyanın 2022-ci ilin fevral ayında tammiqyaslı işğalından dərhal sonra AB-yə qoşulmaq üçün müraciət edib. 2023-cü ildə Avropa Komissiyası Kiyevlə üzvlük danışıqlarına başlamağı tövsiyə edib və Ukrayna hakimiyyətindən korrupsiyaya qarşı mübarizəni gücləndirməyi, Avropa standartlarına uyğun lobbiçilik qanunu qəbul etməyi və milli azlıqlar üçün daha çox təminat təmin etməyi tələb edib.
“AzPolitika.info”