“Bu addımlar Azərbaycan İran münasibətlərinin gələcək inkişafı üçün diplomatik əsaslar formalaşdırıb” ŞƏRH EDİLDİ

02.02.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cənab Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu cür təmaslar Azərbaycan–İran əlaqələrinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirir və tərəflərin regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq məsələlərində ortaq maraqlara malik olduğunu göstərir:

“Hazırda Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni sahələrdə əlaqələr ardıcıl şəkildə inkişaf edir. Bu xüsusda İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfərlərinin münasibətlərin inkişafında xüsusi rol oynadığını qeyd etmək lazımdır. Onun Azərbaycanda keçirdiyi yüksək səviyyəli görüşlər, aparılan konstruktiv, açıq və nəticəyönümlü danışıqlar ikitərəfli əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaratmışdır. Bundan əlavə, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən sammitində iştirak və bu platformada yeni geosiyasi reallıqların qəbul edilməsi regionda formalaşan yeni əməkdaşlıq mühitinin təsdiqi kimi qiymətləndirilə bilər. Bu addımlar həm də Azərbaycan–İran münasibətlərinin gələcək inkişafı üçün mühüm siyasi və diplomatik əsaslar formalaşdırmışdır.

Azərbaycan ilə İran arasında tarixən mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri mövcud olmuşdur. Ortak tarixi, dini və mədəni dəyərlər bu əlaqələrin dərin köklərə söykəndiyini göstərir. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər bu gün də qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında inkişaf etdirilir.

Ümidvaram ki, mövcud və yeni geosiyasi reallıqlar şəraitində də Azərbaycan ilə İran arasında əlaqələr daha da genişlənəcək, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq dərinləşəcək və bu münasibətlər regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью