Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailə statusu yalnız beş və daha çox uşağı olan ailələrə şamil edilir.
Lakin son illərdə bu tələbin yumşaldılması və 3 uşağı olan ailələrin də çoxuşaqlı hesab edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Mövcud təkliflər üzərində iş aparılır və onların ölkənin demoqrafik inkişafına dair hazırlanacaq dövlət proqramına daxil edilməsi nəzərdə tutulur.
Ekspertlər hesab edirlər ki, belə bir addım ailələrin sosial rifahına müsbət təsir göstərə bilər və doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.
Statistikaya əsasən, hazırda ölkədə bu kateqoriyaya aid olan 100 mindən çox ailə var.
Əgər qanunvericilikdə dəyişiklik edilərsə, həmin ailələr də çoxuşaqlı statusu alacaq və onların uşaqları sosial müavinətlərdən yararlanmaq hüququ əldə edəcəklər.