Bu amil görmə qabiliyyətini ZƏİFLƏDİR

23.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuxusuzluq təkcə yorğunluq və diqqət dağınıqlığı yaratmır, həm də göz sağlamlığına mənfi təsir göstərərək görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Piroqov Universitetinin Oftalmologiya kafedrasının əməkdaşı Anjelina Kazantseva məlumat verib.

Həkimin sözlərinə görə, yuxu zamanı orqanizmdə, o cümlədən göz toxumalarında bərpa prosesləri gedir. Bu müddətdə göz yaşı təbəqəsi yenilənir, buynuz qişada maddələr mübadiləsi normallaşır və gün ərzində böyük yük altında çalışan görmə sistemi dincəlir.

Mütəxəssis bildirib ki, yuxu çatışmazlığı gözlərdə qızartı, quruluq, yanma hissi və ya göz qapaqları altında qum varmış kimi narahatlıq yarada bilər. Bunun əsas səbəblərindən biri göz səthini qoruyan göz yaşı təbəqəsinin sabitliyinin azalmasıdır.

Bundan əlavə, göz qapaqlarının kənarında yerləşən meybom vəzilərinin fəaliyyəti pozulur. Bu vəzilər göz yaşının tez buxarlanmasının qarşısını alan lipid komponenti ifraz edir. Nəticədə quru göz sindromu, bulanıq görmə, işığa qarşı həssaslığın artması və gözlərin tez yorulması kimi problemlər meydana çıxır.

Kazantsevanın sözlərinə görə, yuxusuzluq xroniki hal aldıqda risklər daha da artır. Belə insanlarda quru göz sindromuna daha çox rast gəlinir, göz səthində iltihabi dəyişikliklər yaranır və göz yaşı təbəqəsinin keyfiyyəti pisləşir.

Həkim son illərdə yuxu pozuntuları ilə görmə siniri xəstəlikləri, xüsusilə qlaukoma arasında əlaqənin də araşdırıldığını qeyd edib. Araşdırmalar göstərir ki, xroniki yuxu problemləri olan şəxslərdə qlaukomanın yaranması və ya inkişaf etməsi riski daha yüksək ola bilər.

Mütəxəssis göz sağlamlığını qorumaq üçün gündə 7-9 saat yatmağı və müntəzəm yuxu rejiminə riayət etməyi tövsiyə edib.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью