Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Biz son 16 ildə dünya ilə itirdiyimiz əlaqəni yenidən qurmağa başlayırıq. Bu, asan bir tapşırıq deyil, çox çətindir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkəsinin praktiki olaraq hər şeyə ehtiyacı var: “Bu gün qarşımızda heç bir maneə yoxdur. Qanunvericiliyimizi yeniləyirik və bu bütün investorlar üçün çox vacibdir, çünki keçmişdə qanunvericiliyimiz bəzi şəxsi maraqlara xidmət edən amillərə uyğunlaşdırılmışdı. Bu gün isə iqtisadiyyatımızı investorları qəbul etmək üçün açmağa yönəlmişik.
Məqsədimiz sadəcə kapital axtarmaq deyil, biz ağıllı kapital, daha yaxşı kapital axtarırıq. Tərəfdaşlıq axtarırıq, yardım axtarmırıq. Bizimlə tərəfdaş olacaq birilərini, bu illər ərzində itirdiyimiz texnologiya transferini axtarırıq. Bu, dünya ilə yenidən əlaqə qurmaq və inteqrasiya olunmaq deməkdir. İnvestorlara deyirik ki, gəlin və ən yaxşı nəyi edə bildiyinizə baxın. Biz sizə ehtiyaclarımızı deməyəcəyik, ehtiyaclarımız məlumdur. Siz gəlin, özünüzə uyğun bildiyiniz və üstünlük göstərə biləcəyiniz sahəni seçin və tərəfdaşımız olun. Bizim çağırışımız fərqlidir, ehtiyaclarımız var, amma bizimlə nə etmək istədiyinizi özünüz seçirsiniz”.
Günel İbrahimova