Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Redaktor.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 22, 31, 67, 92 nömrəli şəhərdaxil, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhəri üzrə 5 nömrəli şəhərdaxili, Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 23 oktyabr 2026-cı il saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay və Bakı-İmişli istiqamətlərində 9 lot üzrə oktyabrın 30-da;
Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə istiqamətlərində 9 lot üzrə noyabrın 3-də;
Paytaxtın 22 nömrəli (Sabunçu qəsəbəsi (Əliyar Əliyev küçəsi) – Rövlan Məmmədov küçəsi ("NZS" yaşayış massivi), 31 nömrəli (Badamdar qəsəbəsi (3-cü massiv) – Nizami bağı (Əhməd Cavad küçəsi) şəhərdaxili, 191 nömrəli (Bahar qəsəbəsi – Qara Qarayev prospekti) şəhərətrafı marşrutları üzrə 3 lotda noyabrın 6-da;
67 nömrəli (Biləcəri qəsəbəsi (dəmiryol stansiyası) – Nərimanov rayonu (Çernyayevski küçəsi)), 92 nömrəli (Binəqədi qəsəbəsi (10 May küçəsi) – metronun "Memar Əcəmi" stansiyası (Seyid Cəfər Pişəvəri küçəsi) şəhərdaxili marşrutları üzrə 2 lotda noyabrın 13-də;
172 nömrəli (Bilgəh qəsəbəsi – "Koroğlu" NMM) şəhərətrafı, Mingəçevir şəhərində 5 nömrəli (Heydər Əliyev prospekti – Müslüm Maqomayev prospekti – Aydın Məmmədov küçəsi) şəhərdaxili marşrutları üzrə 2 lotda noyabrın 17-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.