futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Bakıda U15 dünya çempionatı və futbol festivalı start götürəcək. 8 gün davam edəcək mundialda 190-dan çox ölkə iştirak edəcək və 1000-dən çox oyun baş tutacaq.
İlk dəfə keçiriləcək turnirlə bağlı veteran futbolçu, “Sabah” Futbol Akademiyasının sabiq koordinatoru, hazırda akademiyada əlaqələndirici şəxs kimi çalışan Təbriz Həsənovla danışdıq:
– Bakının belə bir mötəbər turnirə ev sahibliyi etməsi ölkə futboluna nələri qazandıracaq?
– Bu, Azərbaycan futbolu üçün çox vacib hadisədir. Belə turnirlər təkcə oyunların keçirilməsi deyil, futbol mühitinin inkişafı, gənclərin təcrübə qazanması baxımından əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən komandalar iştirak edəcək. İlk dəfədir, belə turnir keçirilir. 200-ə yaxın kollektiv Bakıya gəlib. Bunların bəziləri birinci dəfə bir-biri ilə üz-üzə gələcək.
– Hər beynəlxalq turnir məşqçilər üçün də bir təcrübədir. U15 kateqoriyasında dünya çempionatının təşkil olunmasının məşqçi və futbolçulara hansı faydaları olacaq?
– Dünya çempionatının Bakıda keçirilməsi akademiyaların, milli komandaların məşqçiləri üçün böyük imkan yaradır. Müxtəlif yığmaların oyun üslublarını görmək, futbolçuların toplu-topsuz hərəkətlərini, intizamlarını, pressinqlərini və təzyiqdən çıxma hallarını müşahidə etmək lazımdır. Belə fürsət həmişə olmur. Qısa müddətdə yeni meydançalar hazırlandı. Doğrudan da möhtəşəm iş gördülər. Lakin bilmirəm ki, məşqçilər üçün oyunları tribunadan izləmək üçün şərait var, yoxsa yox. Hər bir halda, yayım olacaq və buradakı oyunlara baxmaq məşqçilərimiz üçün çox vacib olacaq.
– Azərbaycan komandasından gözləntiləriniz nələrdir?
– Millimizə uğurlar arzu edirəm. Yaxşı nəticə qazanacaqlarına inanıram. Bu dünya çempionatı Azərbaycan futbolunda da istedadların üzə çıxması üçün əhəmiyyətlidir. Bu turnirdə əsas məqsəd tək uğurlu nəticə əldə etmək deyil, futbolçuların potensiallarını müəyyənləşdirməkdir. Bütün qitələrdən komandalar olacaq. Bizim üçün yenilikdir. Gənc futbolçularımıza uğurlar arzu edirəm.
– 15 yaş qrupunda böyük bir turnir 8×8 formatında keçiriləcək. Bu yaşda belə format sizcə, nə dərəcə effektli ola bilər?
– Bu turnir futbol festivalıdır. Bildiyim qədərilə formatla yanaşı, oyun vaxtı da dəyişib. Matçlar hər biri 20 dəqiqə olmaqla iki hissəli keçiriləcək. İlk dəfədir belə turniri təşkil edirlər. Bu, FIFA üçün də sınaqdır. Düşünürəm ki, Bakıda çoxlu ekspertlər olacaq və yekunda vəziyyəti dəyərləndirəcəklər. Mənə də maraqlıdır, görək, effekt necə olacaq.
Şahin Cəfərov