Bu bankların müştərilərinin məlumatları internetdə yayıldı KONKRET

20.11.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Visa”, “Mastercard” və “JPMorgan” müştərilərinin məlumatları qaranlıq internetdə yayılıb.

KONKRET.az xəbər verir ki, hakerlər “Visa”, “Mastercard” və ABŞ-nin “JPMorgan Chase” bankının müştərilərinə aid məlumatları ələ keçirərək qaranlıq internetdə (dark web) yayımlayıblar.

Məlumata görə, hücum üçüncü tərəf xidmət təminatçısının sistemlərinə müdaxilə nəticəsində baş verib. Haker qrupu şirkətlərə oğurlanmış məlumatların yayılmaması müqabilində 48 saat ərzində fidyə ödəmək şərti qoyub. Tələb yerinə yetirilmədikdən sonra isə əldə etdikləri faylları yayımlayıblar.

Şirkətlər noyabrın 20-də kiberhücum faktını təsdiqləyərək müştərilərin maliyyə məlumatlarının oğurlanmadığını bildiriblər.

“JPMorgan Chase” açıqlamasında hücumun banka xidmət göstərən üçüncü tərəf şirkətlərə qarşı həyata keçirildiyini qeyd edib. İlkin araşdırmaya əsasən, hakerlər həmin şirkətlərdə saxlanılan bəzi marketinq məlumatlarına, o cümlədən müştərilərin adlarına və elektron poçt ünvanlarına çıxış əldə etmiş ola bilərlər.

Bank həmçinin bildirib ki, insident onun xidmətlərinin fəaliyyətinə təsir göstərməyib və həftənin əvvəlində müştərilərin üzləşdiyi texniki problemlərlə əlaqəli deyil.

Visa şirkəti hücumla bağlı iddialardan xəbərdar olduğunu və hadisənin Asiya-Sakit okean regionunda fəaliyyət göstərən xidmət təminatçısı ilə əlaqəli olduğunu açıqlayıb. Şirkət öz sistemlərinə müdaxilə edilmədiyini, kart nömrələri və digər ödəniş məlumatlarının təsirlənmədiyini vurğulayıb.

Mastercard isə müəyyən güzəşt proqramına qoşulmuş kart sahiblərinin məhdud sayda ödənişlə əlaqəsi olmayan məlumatlarının yayıldığını təsdiqləyib. Şirkət təsirlənmiş müştərilərə dəstək göstərmək üçün xidmət təminatçısı ilə əməkdaşlıq etdiyini bildirib.

Kibertəhlükəsizlik şirkəti SOCRadar-ın AFP-yə verdiyi məlumata görə, n0n adlı haker qrupu hücuma görə məsuliyyəti üzərinə götürüb və iddialarını əsaslandırmaq üçün bəzi sənədlər yayımlayıb. Bununla belə, SOCRadar həmin məlumatların həqiqiliyini müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

Şirkətin məlumatına əsasən, Rusiyadan qaynaqlandığı bildirilən qrup 2026-cı ilin sentyabrında ortaya çıxıb. Hakerlər indiyədək dünya üzrə 200-ə yaxın şirkətə hücum etdiklərini iddia edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью