525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Coşqun XƏLİLOĞLU
Həyat bəzən insanı elə şəxsiyyətlərlə qarşılaşdırır ki, illər keçsə də, həmin görüşlər yaddaşdan silinmir, xatırlandıqca qəlbdə xoş duyğular oyadır. Mənim taleyimə də Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Fikrət Sadıqla üç yaddaqalan görüş düşüb. Bu görüşlərin hər biri mənim üçün Fikrət müəllimin həm böyük şairliyini, həm də bənzərsiz insanlığını daha yaxından tanımaq fürsəti olub.
1978-ci ilin payız fəsli idi. Ali məktəbə yenicə daxil olmuşduq. Hərəmiz respublikamızın bir rayonundan, bir kəndindən gəlmişdik. Təhsil aldığımız ali məktəbin - o zaman nəinki keçmiş Sovetlər İttifaqında, hətta dünyada yetişdirdiyi neftçi kadrları ilə məşhur olan Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) tələbə şəhərciyində yaşayırdıq. Şəhərcikdə həm azərbaycanlılar, həm də dünyanın müxtəlif ölkələrindən gəlmiş əcnəbi tələbələr qalırdılar. Gənclərin bu yaşayış məskənində o dövr üçün nümunəvi sayıla biləcək hər cür şərait yaradılmışdı.
Şəhərcikdə yerləşən geniş və işıqlı Mədəniyyət Sarayında yalnız kinofilmlər nümayiş etdirilmir, həm də müxtəlif tədbirlər, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri ilə görüşlər keçirilirdi. Bir gün xəbər yayıldı ki, axşam şairlərlə tələbələrin görüşü olacaq. Təbii ki, mən də ədəbiyyatı, poeziyanı böyük məhəbbətlə sevən digər gənclər kimi bu görüşə qatıldım. Bəlkə də yanılıram, amma mənə elə gəlir ki, o zaman bədii ədəbiyyata, kitablara sevgi daha böyük, daha saf idi. Ədəbiyyat adamlarına, şair və yazıçılara böyük hörmət və ehtiram göstərilirdi.
Görüşə Fikrət Sadıq, Nüsrət Kəsəmənli, Ağasəfa, Məmməd Kazım və adlarını, təəssüf ki, unutduğum digər şairlər gəlmişdilər. Həmin axşam əsl ədəbiyyat, poeziya bayramına çevrildi. Sən demə, şairlər texniki ali məktəbin tələbələrinin poeziyanı bu qədər sevmələrindən, onların yaradıcılığından belə dərindən xəbərdar olmalarından heç də məlumatlı deyillərmiş. Şairlər şeirlərini oxudular, oxucuları maraqlandıran sualları cavablandırdılar, kitablarını avtoqrafla tələbələrə bağışladılar.
Fikrət Sadıq da bir neçə şeirini oxudu. Bir-birindən mənalı misralar şairin mehriban və həlim səsi ilə salona dalğa-dalğa yayılır, gənclərin qəlbinə sanki məlhəm olurdu. Şair bir neçə qısa satirik şeirini də söylədi. Onlardan çox dərin məna kəsb edən bu misralar isə yaddaşıma elə həkk olundu ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bu gün də həmin şeiri xatırlayır, lazım gəldikdə söhbətlərimdə istifadə edirəm:
Üç cür olur zurnaçalan;
Biri elə zurna çalan,
Biri belə zurna çalan,
Biri də elə-belə zurna çalan.
Bu şeir insanın öz işinə, sənətinə və bütövlükdə həyata münasibətinin poetik düsturuna bənzəyir. Şair hamımızın yaxşı tanıdığı qədim, oynaq nəfəsli musiqi alətimizdən bəhs etsə də, şeirin məna yükü daha böyükdür. Anladıq ki, dünyada hər şeyi - şeiri də, musiqini də, hər hansı peşəni də "elə-belə", sadəcə yola vermək üçün deyil, ruhunla, ürəyinin atəşi ilə sevməlisən. Seçdiyin peşənin incəliklərinə yiyələnmək üçün yorulmadan, tükənməz həvəslə çalışmalısan.
Tələbəlik illərinin o ilıq nəfəsli, bahar qoxulu şeir gecəsindən sonra taleyim məni Fikrət Sadıqla ikinci dəfə tamamilə başqa bir ədəbi məkanda - Badamdar şossesi, 77 ünvanında yerləşən "Şirvannəşr"də qarşılaşdırdı. Badamdar qəsəbəsində yerləşən həmin balaca, amma özündə böyük bir ədəbiyyat və poeziya dünyasını yaşadan bina əsl yaradıcılıq ocağı idi. Nəşriyyatın rəhbəri, tanınmış şair Qəşəm İsabəyli burada bütöv bir ədəbi mühit yaratmışdı. Mən də bu nəşriyyatla əməkdaşlıq edirdim.
2000-ci illərin əvvəlləri idi. Fikrət müəllim "Şirvannəşr"in çap məhsulları ilə tanış olduqdan sonra yeni kitabını nəşr etdirmək üçün məhz bu ünvanı seçmişdi. Söhbət əsnasında belə qənaətə gəldim ki, Fikrət Sadıq Qəşəm müəllimin iş üslubunu və naşirlik fəaliyyətini çox bəyənir. Hətta istedadlı şair nəşriyyatın fəaliyyətini şirin və incə bir dillə tərənnüm edərək "Şirvannəşr" adlı gözəl bir şeir də qələmə almışdı:
"Şirvannəşr", "Şirvannəşr",
Əvvəli şir, axırı şir.
Xeyli təzə nəşriyyat
Salanda haray-həşir,
"Şirvannəşr" iş görür,
Gecə-gündüz əlləşir.
Kitab kitab dalınca
Daha da gözəlləşir.
Bura ocaq olubdur,
Hamı burda görüşür.
Yadımdadır, hələ o zaman şair istedadsız insanların özlərini "şair", "yazıçı" kimi təqdim etmələrindən, qüdrətli sənətkarlarla şəkil çəkdirmələrindən, yeri gəldi-gəlmədi müxtəlif tədbirlərdə pafosla çıxış etmələrindən narahatlığını bildirirdi.
Fikrət Sadıq mənimlə də bir qədər söhbət etdi. Əvvəllər şair bir müddət mənim doğulub boya-başa çatdığım Kürdəmirdə yaşamışdı. Qohumlarının xeyli hissəsi də hazırda orada yaşadığından, ortaq tanışlarımız haqqında söhbətimiz daha da şirinləşirdi. Mən Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığım dövrdə ali məktəbin tələbə şəhərciyindəki "Dostluq" Mədəniyyət Sarayında onun da iştirak etdiyi şairlər görüşünü xatırlatmaqla Fikrət müəllimi sanki keçmişə qaytardım.
Beləliklə, illər sonra Fikrət müəllimi bu dəfə naşir dostunun əməyinə qiymət verən, ədəbiyyatın çətin yükünü çəkənlərə dayaq olan ustad kimi tanıdım. Şirvan ədəbi mühitinin iki görkəmli nümayəndəsinin - Fikrət Sadıqla Qəşəm İsabəylinin səmimi söhbətlərinin şahidi olmaq ömür yaddaşımda böyük şairlə bağlı ən şirin ikinci səhifəyə çevrildi.
Fikrət Sadıqla üçüncü və mənim üçün ən maraqlı görüş Azərbaycan Yazıçılar Birliyində (AYB) baş tutdu. Şair o zaman AYB-də poeziya üzrə məsləhətçi vəzifəsində çalışırdı. Üç kiçik həcmli kitabımı özümlə aparmışdım. Onlardan birində məqalələr, digərində uşaqlar üçün şeirlər toplanmışdı. Bundan başqa, pedaqoq-jurnalist atam Xəlil İbrahimlinin xatirəsinə həsr etdiyim, Qəşəm İsabəylinin rəhbərlik etdiyi "Şirvannəşr"in hesabına ayrıca kitab şəklində çap olunmuş kiçik poemamı da şairə göstərərək fikirlərini öyrənmək istəyirdim.
Fikrət müəllim məni mehribanlıqla qarşıladı, köhnə tanışlar kimi söhbət etdik. Kürdəmirdə yaşayan tanışları, o cümlədən mənim də tanıdığım İslamzadə soyadlı qohumları və bəzi ortaq tanışlarımız haqqında danışdıq. Neftçi-mühəndis olduğumu biləndə gənclik illərində özünün də Naftalan və Tərtərdə Neft Kəşfiyyatı İdarəsinin quyuların qazılması briqadasında montyor işlədiyini söylədi.
Sonra yazılarımı səbirlə və diqqətlə oxudu. Oxuyub bitirəndən sonra üzümə baxdı, əllərini qədim qollu tərəzinin qolları kimi yana açaraq, sanki məni öz ustad tərəzisində çəkib-biçdi və bu gün də xatirimdən çıxmayan sözləri dedi:
- Yaxşı haldır ki, şeirin texnikasını bilirsən. Amma mütaliəni genişləndir, çox işlənmiş qafiyələrdən qaç.
O, "Gül balalar" kitabımdakı "Böyük nağara" adlı gülməcəni yenidən oxuyaraq həmin misraları xatırlatdı:
- İri neft çənini görən balaca Turan dedi: "Ata, nə böyük nağaradır?"
Sonra sözünə davam etdi:
- Bunun müəllifi sənsən. Bu bənzətməni, bu bədii lövhəni sən tapmısan! Deməli, istedadın var. Amma o, hələ cücərti halındadır. Onun inkişafı, pöhrələnməsi, bar verməsi isə səndən asılıdır. Həmişə axtarışda ol. Amma Yazıçılar Birliyinin üzvü olmağa tələsmə. Şeirlərinin bədii səviyyəsini artır, işlənmiş mövzulardan qaç. Tələsmə, çox oxu, mütaliə elə, nə vaxtsa arzuna yetişəcəksən. Nəsr dilin də yaxşıdır, bir qədər də püxtələşdir.
O, mənə gələcək yaradıcılıq yolumda böyük uğurlar arzuladı. Həmin an anladım ki, Fikrət Sadıq poeziyada və nəsrdə saxtalığı, "elə-belə" yola verməyi sevmədiyi kimi, real həyatdan qaynaqlanan səmimi və orijinal tapıntıları da yüksək qiymətləndirməyi bacaran əsl ustaddır.
Fikrət müəllim əlimi mehribanlıqla sıxdı və nə qədər etiraz etsəm də, məni otağın qapısına qədər ötürdü, mehribanlıqla vidalaşdı, yenidən görüşəcəyimizə ümid etdiyini bildirdi.
Fikrət Sadıqın poeziyası mənim üçün təkcə ədəbi zövq mənbəyi olmayıb, sonrakı həyatımda, bilavasitə istehsalat fəaliyyətimdə də köməyimə çatıb. Onun yaradıcılığında elə şeirlər var ki, hər biri zərgər həssaslığı və mühəndis dəqiqliyi ilə işlənmiş fəlsəfi deyim təsiri bağışlayır. Şairin bu baxımdan yaddaqalan bir bəsirət dərsi var:
Əyrini divara dirədilər,
Güllələdilər;
Güllələr əyri getdi.
Düzü divara dirədilər,
Güllələdilər;
Güllələr düz getdi...
İstehsalatda, mürəkkəb iş mühitində, nizam-intizam və idarəetmədə hər şeyin düzgün qurulmasının, əyriliyə yer qoyulmamasının vacibliyini mən həm də Fikrət Sadıqın bu misralarından öyrənmişəm. İşində əyri olanın hədəfi də əyri olar, işini düz quranın isə hədəfi düz olar. Şairin bu poetik düsturu mənə istehsalat meydanında prinsipiallıq və özümə qarşı tələbkarlıq qazandırmışdı. Hətta bir dəfə iclasların birində məni təqsirkar çıxarmaq istəyən vəzifəcə böyük bir işçini şairin məhz həmin misraları ilə susdurmuşdum.
İllər keçib. Tələbəlik illərindən xatirə qalan şeir gecəsi, nəşriyyatdakı görüş və Yazıçılar Birliyindəki unudulmaz anlar çoxdan geridə qalıb. Amma nə vaxt radio və ya televiziyada Fikrət Sadıqın quzular haqqında yazdığı, böyük sənətkar, Xalq artisti Ramiz Mustafayevin ustalıqla bəstələdiyi, Xalq artisti Zaur Rzayevin isə xüsusi ilham və qəlb yanğısı ilə ifa etdiyi mahnını eşitsəm, qəlbimi qəribə bir sızıltı bürüyür, sözlə ifadə edə bilmədiyim kövrək hisslər keçirirəm. Azərbaycan Radio və Televiziyasının Qızıl Fondunda qorunub saxlanılan bu nəğmənin misraları yaddaşımda yenidən canlanır: axşam düşür, şəhər qarışır, çay daşır, quzular isə geri qayıda bilmir...
Bu çayın çınqılı hamar...
Topalanar damar-damar.
Qaytar sürünü, quzuçu!
Ürəyimə qorxu damar.
Axşam düşür, su çoxalıb,
Yolu kəsər,
Quzuların ayağını
Çınqıl əzər.
Bu çayın çınqılı ağdır,
O tayı çiçəkli dağdır.
Qayıt, ümidim, tez qayıt,
Ayrılıq çox uzun axdı.
Bu çayın çınqılı xallı,
Çay boyu gedərlər yallı.
Xəyalımı su apardı,
Gözlərim o tayda qalıb.
Bu çayın çınqılı xırda...
Çınqıllar danışır burda,
Bu qədər ki, həsrətləyəm,
Çınqıl ollam mən axırda.
Axşam düşür, su çoxalıb,
Yolu kəsər,
Quzuların ayağını
Çınqıl əzər...
Bu nəğmə mənə həm də gəncliyimizi, geridə qalan unudulmaz illəri xatırladır. Elə bil bizim o işıqlı, ümidli günlərimiz, Fikrət Sadıq və digər şairlərlə tələbə şəhərciyindəki ilk görüşümüz zaman keçdikcə bir daha geri qaytara bilmədiyimiz, o tayda qalan quzular kimi uzaqlarda qalıb. Amma həmin xatirələr yaddaşımızın ən doğma guşəsində yaşayır.
Şeirin misralarında çayın çınqılının ağ, xallı və xırda olması, həsrət duyğusu, xəyalın su aparması, hətta çınqıla çevrilmək istəyi poetik dillə ifadə olunur. Axşamın düşməsi, suyun çoxalması, quzuların çayı keçərkən üzləşdiyi çətinlik insan qəlbini necə də kövrəldir. Sadə bir mənzərənin arxasında ayrılığın, nigarançılığın və həsrətin belə təsirli ifadəsi şairin söz sənətkarlığından xəbər verir.
Fikrət Sadıq əbəs yerə ədəbiyyatımızın zərgər şairi adlandırılmır. Onun həm heca, həm əruz, həm də sərbəst vəzndə böyük ustalıqla qələmə aldığı şeirlər bu gün də öz bədii dəyərini qoruyur. Fikrət Sadıqın poeziyası o qədər şirin, o qədər gözəlliklə doludur ki, oxucu onu oxumaqdan doymur. Zaman keçsə də, misraları bədiiliyini və müasirliyini itirmir. Çünki şair ömrü boyu sənətdə və həyatda saxtalığa, bürokratiyaya, mənfi hallara qarşı qələmi ilə mübarizə aparıb.
Şairin yaradıcılığı, müxtəlif mövzulu şeirləri haqqında çox deyilib, çox yazılıb. Əminəm ki, onun zəngin ədəbi irsinə bundan sonra da dönə-dönə müraciət olunacaq, yeni nəsillər bu poeziya xəzinəsindən bəhrələnəcəklər.
16 noyabr 2016-cı ildə şair dünyasını dəyişib. Artıq həmin vaxtdan düz 10 il keçir. Lakin sədaqətli oxucuları Fikrət Sadıqı bir gün də olsun unutmurlar. Bu gün - şairin anım günündə onun əziz xatirəsini böyük sevgi və ehtiramla yad edir, ustadın ruhu qarşısında baş əyir, Azərbaycan poeziyasının bu həmişəyaşar nümayəndəsinə Allahdan rəhmət diləyirəm!
Noyabr 2026-cı il