Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ceyhun Salmanovla təəssüf ki, şəxsi tanışlığım yoxdur, onu yalnız Nəsimi Nəbizadə ilə bağlı olaylardan sonra mediadan izləyə bilmişəm.
Nəsimi restorandakı “fürsətdən” istifadə edib aradan çıxdıqdan sonra onun axtarışına çıxması, geri qaytarmağa çalışması zamanı hüquqşünasların ortaya atılmasından və bir-birinin ardınca açıqlamalarından təəccübləndim.
Hüquqşünaslar narkomanların “Qurtuluş” mərkəzində zorla saxlanılmasının insan hüquq və azadlıqlarına qarşı olduğunu demələrində tamamilə haqlıdırlar. Ancaq məsələ “zor” və yaxud “xoş”da deyil, nəticədədir: fakt gördüyümüz o idi ki, Nəsimi Nəbizadənin rəngi açılmışdı, çəkisini, ruhunu, formasını sürətlə bərpa edirdi, hətta layihəyə başlamışdı, öz biliyindən istifadə edirdi, maraqlı, maarifləndirici qısa proqramlar da üzə çıxırdı.
Nəticə sevindirici, fərəhləndirici idi. Nəsiminin aradançıxma əməliyyatından cəmi 2 gün öncə Ceyhun Salmanovun açıqlamasını oxuduğumu xatırlayıram, demişdi ki, Salatın Əsgərovanın oğlu tam sağalıb, ideal vəziyyətdədir, Nəsimi Nəbizadə ilə bağlı isə nifbinlik ifadə etsə də, sağaldığını dilə gətirməmişdi: demişdi ki, bu asılılıqdan yalnız 6 aydan sonra xilas prosesi başlayır və zaman keçdikcə sağalma olur, Nəsimi Nəbizadə isə cəmi 4 ay idi ki, müalicə alırdı.
Əlbəttə ki, bir narkoman müalicə aldığı müddətdə qaçmağa çalışacaq, çünki ondan asılıdır, orqanizmi şiddətlə narkotik tələb edir və bu halda onun zorla saxlanılması niyə normal qarşılanmamalıdır ki?
Narkoloji Dispanserdə dəhşətli yanğını xatırlayanınız var, yəqin ki! Orda yanğında ölənlərin hamısı qandallı idi, çarpayıya bağlanmışdılar. Qanunsuz həbsdirmi? müalicə alınan xəstələrin qandallanması hansı məntiqə sığır?
Olmaz, əlbəttə ki, qəti qadağandır: ancaq başqa yolu da yoxdur, narkotikdən asılı olan şəxsi bir müddət o zəhərdən, o dəhşətdən, o fəlakətdən qurtarmaq üçün qandallamaq lazım gəlir!
Bir insanı dəhşətli bəladan, məhv olmaqdan, bütün həyatını şüursuz şəkildə narkotikin təsiri altında keçirməkdən xilas etmək üçün – yəni ömrünün qalan 50 ilini ona qaytarmaq üçün 6 ay “həbs” edirlərsə, buna qarşı niyə üsyan qaldırılır ki? Başqa necə onu xilas etmək mümkün ola bilər?
Müalicə başlayandan qısa müddət sonra orqanizminin tələbi, ağrıları və s. ilə fikrindən daşınması normaldır axı! Belə halda narkomanı zorla müalicə etmək hüquqi baxımdan qanunsuzluqdursa, mənəvi baxımdan savabdır!
Bu gün Baş Prokurorluq açıqlama yayıb, “Qurtuluş”da saxlanılan 11 nəfərin ailələrinə təhvil verildiyini elan edir. Səbəb də odur ki, onlar özləri ailələrinə verilmələrini istəyiblər.
Mərkəzin rəhbərliyində təmsil olunanların həbsindən sonra o 11 nəfərin zatən başqa çarəsi də yoxdur. Sadəcə, mənə maraqlıdır: onlar niyə digər müalicə mərkəzinə köçürülmədilər? Niyə müalicələrini davam etdirmələri qərarı verilmədi?
Baş Prokurorluq qanunu əsas götürür, anladıq: bəs, onlara aylardır çəkilən əziyyət? Axı bu 121 nəfər böyük ölçüdə narkotikdən xilas edilib! Canlarında asılılıq qalıbsa və onlar yenidən öz həyatlarını məhv etməyə dönürlərsə, buna qanun icazə verirsə, bəs, insanlıq necə, o da qanun qarşısında susmalıdır?
Bu dünyada heç kəsə zorla yaxşılıq etmək olmaz, bir daha üzə çıxdı. Ancaq zor göstərmək olar, hətta narkotikə qurşandırmaq da suç deyil – Nəsimini narkotik aludəçisi olmağa vadar edən kəs, ya şərait heç vaxt suçlanmır, çünki “iradəsi” olaydı, özünü məhv etməyəydi; ancaq onu sağalmağa məcbur edən suçlu bilindi – çünki intihar edənin canı cəhənnəm, özü bilər, elədir?
Zorla yaxşılıq, zorla xilas da olmur – intihar edəni xilasa çalışanda bəzən adamın özünün tutub içəri atırlar.
...Ceyhun Salmanovu tanımıram, bilmirəm “Qurtuluş”da nə baş verib! Əgər doğrudan da insanları xilas üçün qanunları pozubsa, Allah qapısını açsın!
P.S. “Avtomobildən özünü qoru” filmini xatırladım...