Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat qaydaları dəyişir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Belə ki, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatla bağlı bir sıra prosessual müddətlər artırılır. Dəyişiklikdən sonra sadələşdirilmiş icraat artıq məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün deyil, 30 gün müddətində aparılacaq.
Layihəyə əsasən, Məcəllənin bir sıra maddələrində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin məqsədinin formal şikayət etməkdən çox, baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaq olması ilə əsaslandırılır.
Dəyişikliklər hüquqi şəxslərin də cinayət hadisələri barədə məlumat verməsi imkanını genişləndirir. Bununla yanaşı, sadələşdirilmiş icraatın açılması, materiallara baxılması, qərarların qəbul olunması və prokuror nəzarəti ilə bağlı müddətlər də yenilənir. Məqsəd sadələşdirilmiş icraat zamanı işlərin daha hərtərəfli araşdırılması və zəruri sübutların toplanmasının təmin edilməsidir.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.