Bu cür davam edərsə, ABŞ hələ çox dostunu düşmənə çevirəcək

26.08.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kanada Amerika Birləşmiş Ştatlarının ən mühüm ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında illik ticarət dövriyyəsi 900 milyard dollara qədər yüksəlir. Eyni zamanda, Kanadanın ixrac etdiyi məhsulların 75 faizi ABŞ-yə daxil olur. Ancaq Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp hesab edir ki, uzun illər Kanada Amerika Birləşmiş Ştatlarını “soymaqla” məşğul olub".

Bu fikirləri Redaktor.az-a politoloq Abutalıb Səmədov ABŞ-Kanada münasibətlərindən danışarkən səsləndirdi.

"Amerikalı fermerlərinin məhsullarına çox yüksək rüsumlar tətbiq olunub. Amerika istehsalçılarının digər məhsullarına da eyni münasibət göstərilib. Əvəzində isə Kanada özünü Amerika Birləşmiş Ştatlarının ştatı kimi aparıb və bir ştata məxsus olan bütün üstünlüklərdən istifadə edib. Uzun müddət Kanada ilə Amerika Birləşmiş Ştatları arasında danışıqlar aparıldı və son nəticədə razılaşma əldə olunmadı. Tramp bəyan etdi ki, bir sıra məhsullara 50 faizlik rüsum tətbiq edir. Avtomobillər və digər bir neçə növ məhsul üçün isə gələcəkdə 50 faizlik rüsum tətbiq etmək fikrindədir".

Müsahibimiz qeyd etdi ki, bu Kanada üçün çox ciddi problemlər yarada bilər:

"Ancaq eyni zamanda, Amerika Birləşmiş Ştatları və onun iqtisadiyyatı üçün də çox ciddi problemlər doğura bilər. Baxmayaraq ki, Tramp hesab edir ki, rüsumları nə qədər qaldırsa, bu, Amerikanın xeyrinə olacaq. Əslində isə belə deyil. Çox təəssüf ki, Tramp dostlarını düşmənə çevirmək, onları özündən uzaqlaşdırmaq siyasətini davam etdirir. Avropa Birliyini və Birliyə daxil olan bir sıra dövlətləri özündən kifayət qədər uzaqlaşdırdıqdan sonra, indi də Kanadaya qarşı eyni davranışı sərgiləyir".

Siyasətçinin fikrincə, Trampın uzaqlaşdırma siyasətinin nəticəsi hər iki dövlət üçün ağır olacaq:

"Burada siyasi məqsədlər var. Tramp dəfələrlə bəyan edib ki, Kanadanın Amerika Birləşmiş Ştatlarının 51-ci ştatı olmasını istəyir. Düzdür, Prezident Tramp bəzən Qrenlandiyanın da 51-ci ştat olması zəruriliyindən danışıb. Ancaq Qrenlandiya uzaqdadır, Kanada isə qonşuluqda yerləşir. Təzyiqlərin kökündə, ola bilsin ki, müəyyən siyasi məqsədlər də var. Ancaq bütövlükdə Tramp emosional siyasət yürüdür və xoşuna gəlməyən bəyanatlar səsləndirənləri dərhal cəzalandırmağa çalışır. Bu, təbii ki, dövlət adamı üçün çox ciddi nöqsandır və bu cür davam edərsə, ABŞ hələ çox dostunu düşmənə çevirəcək. Ancaq aralıq seçkilərinə çox qalmayıb. Noyabr ayında seçkilərdir və çox güman ki, seçkilər Trampın əl-qolunu kifayət qədər bağlayacaq və onu daha ağıllı siyasət yürütməyə məcbur edəcək".

Xədicə BAXIŞLI 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью