Bu cütün favoriti Mərakeşdir Elçin Cəfərov

29.06.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Dünya çempionatının növbəti maraqlı qarşılaşmalarından biri iyunun 30-da, Bakı vaxtı ilə saat 05:00-da Niderland və Mərakeş milli komandaları arasında keçiriləcək.

Redaktor.az-a oyunun necə keçəcəyini dəyərləndirən"CBC Sport", “Footcast TV”nin aparıcısı, tanınmış futbol eksperti Elçin Cəfərov öncə vurğuladı ki, bu çempionat əvvəlki dünya çempionatlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir:

"Həm tənqid edənlər var, həm də yeni tətbiq edilən reqlamentləri tərifləyənlər. Amma müəyyən qaydalar var ki, etirazla qarşılanır. Onlardan biri də hər iki hissədə 3 dəqiqəlik su fasiləsinin verilməsidir. Bu isə istər-istəməz müəyyən etirazlara səbəb olur, oyunun tempini kifayət qədər aşağı salır və futbolçuların oyuna köklənməsində müəyyən problemlər yaradır. Amma necə olursa-olsun, mundialdır və bundan zövq almaq lazımdır".

Müsahibimiz hesab edir ki, Niderland-Mərakeş oyunu cari dünya çempionatının ən maraqlı qarşılaşmalarından biri kimi dəyərləndirilə bilər:

"Mərakeş son 10 ilə nəzər yetirdikdə futbolun inkişafı istiqamətində, xüsusilə milli komandanın formalaşdırılması baxımından çox önəmli işlər görüb. Sonuncu Qətər mundialında nümayiş etdirdiyi futbol və Afrika Millətlər Kubokunda qazandığı nəticələr də göstərir ki, bu nəsil futbolçular çox yüksək səviyyəyə malikdir. Həqiqətən də belədir. Məsələn, oyun planı, oyun modeli, xətlərarası məsafənin qorunması, kollektiv müdafiə və kollektiv hücumlar – bütün bunlar qüsursuz şəkildə icra olunur. Qrup mərhələsində Braziliya ilə qarşılaşmada daha baxımlı futbol nümayiş etdirən və oyunun müəyyən hissələrində, xüsusilə toplu və topsuz oyundakı fəaliyyəti ilə fərqli nümunələr ortaya qoyan kollektivdir".

E.Cəfərovun sözlərinə görə, bir az qəribə səslənsə də, bu cütün favoriti Mərakeş yığmasıdır:

"Niderland isə çox sancılı bir dövr keçirir. Nəsil dəyişmə prosesini heç də uğurla başa vura bilmədi. Bunu xüsusilə qeyd etmək lazımdır. Milli komandalar səviyyəsində nəsil dəyişməsi futbolda çox önəmli məqamlardan biridir və Niderland hələ də həmin sancılı dövrü yaşayır. Bütün bunlara baxmayaraq, meydanda nələrisə nümayiş etdirməyə çalışan bir kollektivdən də söhbət gedir. Amma müdafiədə nə qədər uğurlu olsalar da, hücum fazasında eyni zənginliyi nümayiş etdirə bilmirlər. Mən deyərdim ki, Mərakeşlə matç, xüsusilə kollektiv oyuna üstünlük verən və xətlərarası məsafəni qoruyan yığmalara qarşı həmişə çətin keçir. Təbii ki, kənar amillər, yəni hakim faktoru və digər təsirlər olmasa, bu cütün favoriti, məncə, Mərakeş yığmasıdır".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью