Bu da bir xüsusi əməliyyatdır! Qarğıdalı tarlasını ələ keçirən begemot KONKRET

05.11.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

1970-ci il noyabrın 5-də Keniyada ölkə tarixinin ən qəribə və gülməli hadisələrindən biri baş verdi. Hadisənin qəhrəmanları isə israrlı bir begemot, çarəsiz fermer və qarğıdalı böhranı idi.

Əslində, Şərqi Afrikada ərzaq qıtlığı da, begemotların insanlarla qarşılaşması da qeyri-adi hadisə deyil. Lakin bu əhvalat yerli faunanın nəhəng nümayəndəsi ilə qeyri-bərabər mübarizəyə girişən bir fermer haqqında komediya filminin ssenarisini xatırladır.

Hər şey Keniyanın kiçik bir yaşayış məntəqəsində başladı. Yerli fermer böyük ümidlər bəslədiyi qarğıdalı məhsulunun müəmmalı şəkildə yoxa çıxdığını gördü.

Təsəvvür edin: bütün il torpağı becərirsən, qarğıdalı əkirsən, suvarırsan, məhsula qulluq edirsən. Nəhayət, yığım vaxtı yaxınlaşır və birdən görürsən ki, tarlada qarğıdalı qalmayıb!

Fermer əvvəlcə bunun kimin işi olduğunu anlamağa qərar verdi. Gecə pusqu quraraq tarlaya kimin gəldiyini öz gözləri ilə görmək istədi.

Və budur, gecənin qaranlığında qarğıdalı sahəsinə yaxınlaşan “oğru” göründü. Amma bu, heç də insan deyildi. Fermerin qarşısında nəhəng bir begemot dayanmışdı!

Məlum oldu ki, heyvan hər axşam sanki öz şəxsi restoranına gəlirmiş kimi qarğıdalı tarlasına baş çəkir, məhsulu ləzzətlə yeyir və heç yerə getmək fikrində deyil.

Fermer qətiyyətli adam idi. Begemotu qovmağa çalışdı. Amma siz heç begemotu nəyəsə məcbur etməyə cəhd etmisiniz? Belə nəhəng heyvan üçün insanın qışqırığı, etirazı və hədə-qorxusu, demək olar ki, heç bir əhəmiyyət daşımırdı. O, sanki dünyada başqa dərdi yoxmuş kimi qarğıdalısını yeməyə davam edirdi.

Çarəsiz qalan fermer dostlarını köməyə çağırdı. Beləliklə, begemota qarşı kollektiv “xüsusi əməliyyat” başladı.

Dostlar qışqırır, əl çalır, petardalar partladırdılar. Amma bütün cəhdlər nəticəsiz qaldı. Begemot nə qorxur, nə də geri çəkilirdi. Onun iştahası insanın bütün hiylələrindən güclü çıxmışdı.

Bir müddət sonra hadisədən bütün şəhərcik xəbər tutdu. Əvvəlcə sakinlər fermerə acıdılar, ona müxtəlif məsləhətlər verdilər. Lakin zaman keçdikcə bu qəribə mübarizə əyləncəyə çevrildi.

Hətta insanlar gecələr tarlaya gəlməyə başladılar. Məqsədləri fermerə kömək etmək deyil, qarğıdalıları rahatlıqla yeyən nəhəng begemotun insanlara necə meydan oxuduğunu izləmək idi.

Nəticə isə əvvəlcədən bəlli idi: begemot qalib gəldi!

Əslində, bu heyvanla mübarizə aparmaq heç də zarafat deyildi. Begemotlar zahirən sakit və ləng görünsələr də, son dərəcə təhlükəli heyvanlardır. Onlar insanlara qarşı aqressiv davranışları ilə tanınır və Afrikada hər il çoxsaylı insan tələfatına səbəb olurlar. Bu xüsusiyyətlərinə görə dünyanın ən təhlükəli iri məməlilərindən biri hesab edilirlər.

Fermer nəhayət, qarğıdalı sahəsinin artıq özünün deyil, əzəmətli qonşusunun sevimli restoranına çevrildiyi ilə barışmalı oldu.

Amma hekayənin ən maraqlı tərəfi bundan sonra başladı. Fermer vəziyyətdən çıxış yolu tapdı: qarğıdalı tarlasında ekskursiyalar təşkil etməyə başladı. İnsanlar məşhur «qarğıdalı begemotunu» görmək üçün buraya gəlir, fermer isə turistlərdən qazandığı pulla məhsula dəyən zərəri kompensasiya edirdi.

Beləliklə, bir vaxtlar fermerin bütün məhsulunu yeyib qurtaran begemot gözlənilmədən onun gəlir mənbəyinə çevrildi.

Həyatın qəribəliklərinə baxın: bəzən insanın ən böyük düşməni elə ən sərfəli biznes tərəfdaşına çevrilə bilir!

Əziz qonşular, vəhşi heyvanlar bir gün gəlib sizin də tarlanızı zəbt etsələr, əvvəlcə onlarla mübarizə aparmağa tələsməyin. Bəlkə, sizin də qarğıdalı begemotunuz var?

Hər halda, bu əhvalatdan çıxan nəticə budur: təbiətlə mübarizədə həmişə insan qalib gəlmir.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Həyatdan götürülmüş əhvalat.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью