Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
'Dünya tarixində dəfələrlə texnoloji inqilablar baş verib və həmin dövrlərdə insanlar iş yerlərini itirəcəklərindən ehtiyat ediblər. Lakin sonradan məlum olub ki, bu yeniliklər əksinə, yeni iş sahələrinin yaranmasına və daha çox işçi qüvvəsinə ehtiyacın formalaşmasına səbəb olub. Məsələn, XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Britaniyada buxar maşınlarının tətbiqi fəhlələr arasında narahatlıq yaratmışdı. Hətta bəzi fəhlələr iş yerlərini itirəcəklərindən qorxaraq gecələr gəlib buxar maşınlarını sıradan çıxarırdılar. Lakin sonrakı dövrdə sənaye inqilabı istehsalın genişlənməsinə, fəhlə sinfinin formalaşmasına və işçi qüvvəsinə tələbatın artmasına şərait yaratdı. Eyni yanaşma süni intellektə və yeni texnologiyalara da aiddir. Təbii ki, bəzi peşələr aradan qalxacaq, digərləri isə yaranacaq”.
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. Ekspert qeyd edib ki, bu, texnoloji inkişafın təbii prosesidir və onu faciə kimi qiymətləndirmək düzgün deyil. Bununla belə, dövlətin üzərinə mühüm vəzifələr düşür. İnsanların yeni peşələrə yiyələnməsi üçün şərait yaradılmalı, ixtisasını dəyişmək istəyənlərə dəstək göstərilməli, müvəqqəti olaraq işsiz qalan şəxslər üçün sosial yardım proqramları həyata keçirilməlidir. Yəni bu prosesdə dövlətin də ciddi məsuliyyəti var:
«Nəticə etibarilə, yeni texnologiyaların inkişafı ilə yanaşı, yeni peşələrin yaranması da qaçılmazdır'».
Sevinc Qarayeva