Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu dəhşətli qətldə onların da məsuliyyəti var
Cəlilabadda həbsdən çıxan kişi öz qardaşı uşaqlarını baltalayıb. 15 yaşlı qız ölüb, 14 yaşlı qardaşı ağır yaralıdır.
Ağır faciədir.
Amma burada açıq qalan bir neçə məsələ var.
Qətldə ittiham olunan Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.
Üstəlik arvadından da boşanıbmış. Gəlib qardaşının evində yaşayıb.
Bu hadisədə Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də müəyyən məsuliyyət məsələsi var.
Əmək Nazirliyinin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi fəaliyyət göstərir.
Mərkəz Qobustan şəhərində yerləşir.
4 dəfə həbsxana həyatı yaşamış məhkum artıq residivist sayılır.
Onun bu Mərkəzə gətirilməsi mümkün idimi?
Nə üçün bu şəxs nəzarətə götürlüməyib?
Çantasını əlinə verib həbsxanadan birbaşa evə buraxıblar.
Bəs Adaptasiya Mərkəzi nə üçündür? Ədliyyə Nazirliyinin yerli icra probasiya xidməti, Cəlilabadda yaşadığı ərazi üzrə sahə müvəkkili bu şəxslə maraqlanıbmı?
Belə adamlar üçün sosial “əyləc” faktorları vacib detaldır.
Həbsxanadan çıxan şəxslərin sosial həyata bərpa olunması çox ağırılı və mürəkkəb məsələdir. Burada biganəlik ağır fəsad verir.
Xəqani Səfəroğlu