Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə nüfuzlu American Journal of Respiratory and Critical Care Medicine jurnalında dərc olunan Amerika Torakal Cəmiyyətinin klinik təlimatında göbələk əleyhinə preparatların hər kəsə profilaktik təyin edilməsinə qarşı tövsiyə verilib.
Mütəxəssislər bildirirlər ki, hətta göbələk infeksiyası riski olan, reanimasiya şöbəsində müalicə alan, lakin neytropeniyası və orqan transplantasiyası tarixçəsi olmayan ağır xəstələrdə belə bu preparatların rutin istifadəsi məqsədəuyğun hesab edilmir. Tövsiyə mövcud elmi sübutların təhlili və GRADE qiymətləndirmə sistemi əsasında hazırlanıb.
2025-ci ilin mayında The Lancet Infectious Diseases jurnalında dərc olunan kandidozun diaqnostikası və müalicəsinə dair qlobal təlimatda da göbələk infeksiyalarının risk qruplarına uyğun qiymətləndirilməsinin vacibliyi vurğulanır. Xüsusilə immun sistemi ciddi zəifləmiş, kimyaterapiya və transplantasiya müalicəsi alan pasiyentlərdə profilaktik yanaşma fərdi müəyyən edilməlidir.
Mütəxəssislərin əsas mesajı budur: antibiotik qəbul etmək avtomatik olaraq göbələk əleyhinə dərmana ehtiyac yaratmır. Əsassız dərman istifadəsi yan təsirlərlə yanaşı, göbələk əleyhinə preparatlara davamlılığın artması riskini də gündəmə gətirir.
Bəs yerli mütəxəssislər bu mövzuda hansı mövqeyi sərgiləyir? SAF Hospitalın terapevti, daxili xəstəlklər uzmanı, ailə həkimi Uzm. Dr. Əfsanə Bayramova sağlamolun.az-ın suallarını cavablayıb.
Antibiotik qəbul edən hər kəs əlavə olaraq göbələk əleyhinə dərman da istifadə etməlidirmi? Bu preparatların profilaktik məqsədlə qəbulu nə dərəcədə doğrudur?
Xeyr, antibiotik qəbul edən hər kəsin əlavə olaraq göbələk əleyhinə dərman qəbul etməsinə ehtiyac yoxdur. Antibiotiklər bəzi hallarda normal mikrofloranın tarazlığını poza və göbələklərin çoxalması üçün şərait yarada bilər. Lakin bu hal hər pasiyentdə müşahidə olunmur.
Bəs göbələk əleyhinə dərman hansı hallarda lazımdır?
İlk növbədə, müayinə zamanı göbələk infeksiyası təsdiqləndikdə və ya klinik əlamətlər əsasında aşkar edildikdə bu preparatların istifadəsinə ehtiyac yaranır.
Bundan başqa, təkrarlayan vulvovaginal kandidoz zamanı həkim tərəfindən müəyyən edilmiş müalicə və profilaktika sxeminə uyğun olaraq, ağır immunçatışmazlığı olan bəzi pasiyentlərdə, eləcə də uzunmüddətli və geniş spektrli antibiotik müalicəsi alan yüksək riskli pasiyentlərdə fərdi qiymətləndirmədən sonra göbələk əleyhinə dərmanlar təyin edilə bilər.
Bəs antibiotiklə birlikdə göbələk əleyhinə dərman qəbul etmək niyə insanlar arasında geniş yayılıb?
Çünki illər ərzində antibiotiklərlə yanaşı göbələk əleyhinə dərmanların da təyin edilməsi sanki məcburi qayda kimi qəbul olunub. Bu yanaşma zamanla pasiyentlər arasında vərdişə çevrilib. Bir çox insan antibiotik qəbul etməyə başlayanda avtomatik olaraq göbələk əleyhinə dərman da almalı olduğunu düşünür. Bəzən bu qərar həkim məsləhəti olmadan, sadəcə yaxınlarının və ya tanışlarının təcrübəsinə əsaslanaraq verilir. Halbuki hər antibiotik müalicəsi göbələk infeksiyasına səbəb olmur. Antibiotiklərin mikrofloraya təsiri olsa da, bu, bütün insanlarda eyni şəkildə özünü göstərmir. Pasiyentin yaşı, immun sisteminin vəziyyəti, yanaşı xəstəlikləri və istifadə etdiyi preparatlar da nəzərə alınmalıdır. Buna görə də antibiotiklə birlikdə göbələk əleyhinə dərman qəbulunu universal qayda kimi təqdim etmək düzgün deyil.
Göbələk əleyhinə dərmanların ehtiyac olmadan qəbulu hansı fəsadlara səbəb ola bilər?
Göbələk əleyhinə preparatlar da digər dərmanlar kimi orqanizmə müəyyən təsir göstərir və onların istifadəsi tibbi göstərişə əsaslanmalıdır. Bu preparatların bəziləri qaraciyər fermentlərinə təsir göstərə, hətta qaraciyər funksiyalarında pozulmalara səbəb ola bilər. Digər dərmanlarla qarşılıqlı təsirə girərək onların orqanizmdə təsirini gücləndirə və ya zəiflədə bilərlər. Xüsusilə bir neçə preparat qəbul edən, xroniki xəstəlikləri olan pasiyentlərdə bu məqam daha çox diqqət tələb edir. Bundan başqa, göbələk əleyhinə dərmanların istifadəsi ürəkbulanma, qarın ağrısı, ishal və digər əlavə təsirlərlə müşayiət oluna bilər. Bəzi preparatlarda allergik reaksiyalar və daha ciddi arzuolunmaz təsirlər də mümkündür. Ehtiyac olmadığı halda bu dərmanların qəbulu orqanizmə əlavə yük yaradır və heç bir real fayda verməyə bilər. Ona görə də göbələk əleyhinə preparatlar yalnız həkim göstərişi ilə, düzgün doza və müddətdə qəbul edilməlidir.
Kəmalə Osmanova
Saglamolun.Az