“Bu dəyişiklik kişilərin ailədə valideyn kimi öhdəliklərini daha fəal şəkildə yerinə yetirməsinə hüquqi zəmin yaradır”

22.01.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət veriləcək. Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Qanuna əsasən, bu məzuniyyət tibb müəssisəsinin arayışı əsasında, uşağın doğulmasından əvvəl və ya sonra olan dövrdə istifadə oluna bilər. Məzuniyyətin müddəti ümumilikdə 14 təqvim günü təşkil edir və bu dövr ərzində işçiyə əməkhaqqı ödənilir.

Yeni qanun kişilərin ailə həyatında daha fəal iştirakına və ata-övlad bağlarının möhkəmlənməsinə real töhfə verə bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu vaxta qədər kişilər üçün məzuniyyət hüququ ödənişsiz əsaslarla mövcud idi: “Bu vaxta qədər kişilər üçün də məzuniyyət hüququ mövcud idi, lakin bu məzuniyyət ödənişsiz əsaslarla verilirdi. Belə ki, əgər kişi işçi hamilə və ya doğuş ərəfəsində olan həyat yoldaşına dəstək məqsədilə məzuniyyət götürmək istəyirdisə, bu yalnız ödənişsiz məzuniyyət formasında mümkün olurdu.

Yeni qanunla isə artıq kişilərə uşağın doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli məzuniyyət hüququ tanınır. Bu o deməkdir ki, kişi həmin müddətdə işdən ayrıldığı halda əməkhaqqı saxlanılacaq və o, ailəsinə - xüsusilə də doğuşdan sonra həyat yoldaşına və yeni doğulmuş körpəyə daha yaxından dəstək göstərə biləcək”.

Üzeyir Şəfiyev

“Bu dəyişiklik, mənim fikrimcə, təqdirəlayiq və sosial cəhətdən əhəmiyyətli bir addımdır. Çünki bu, kişilərin ailədə valideyn kimi öhdəliklərini daha fəal şəkildə yerinə yetirməsinə hüquqi zəmin yaradır. Onsuz da bir çox kişi ailə həyatında qadınla bərabər məsuliyyət daşıyırdı, lakin bu hüquqi mexanizm onların həmin dövrdə rəsmi şəkildə ailəsinin yanında olmasına şərait yaradır.

Bu yanaşma həm kişilər, həm də qadınlar üçün əhəmiyyətlidir. Çünki ailədaxili əmək bölgüsündə balans yaradır, qadının üzərindəki yükü azaldır və uşağın erkən inkişafında atanın rolunu gücləndirir. Hesab edirəm ki, bu hüquq orta və uzunmüddətli perspektivdə daha geniş istifadə olunacaq. Əvvəllər bu məsuliyyət əsasən qadınların üzərində idi, lakin indi kişilər də ən azı 14 gün ərzində bu prosesdə iştirak edərək ailəsinə və övladına daha yaxından dəstək olmaq imkanı qazandı”-deyə Üzeyir Şəfiyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью