Bu evləri alanlar hər il 25 MİN MANAT QAZANIR

04.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son aylar paytaxtda və bölgələrdə mənzil bazarında bahalaşma müşahidə olunur. Yeni tikililərdə, xüsusilə də mərkəzə yaxın ərazilərdə qiymətlərin baha olması, o cümlədən köhnə tikililərdə ucuz mənzil tapmağın çətinləşməsi ev almaq istəyən vətəndaşları narahat edir.   

Bəs qiymət artımına hansı amillər təsir edir? Ümumiyyətlə, indi mənzil almaq nə dərəcədə sərfəlidir?

Mövzu ilə bağlı akıvaxtı.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, əmlak bazarı tələb və təklif prinsipi ilə işləyir:

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da əmlaka tələb çox olduqca qiymət qalxır, təklif çox olduqda isə satıcılar arasında rəqabət yarandığı üçün qiymətlər aşağı düşür. Bu bazara kənar müdaxilə etmək mümkün deyil, bazar öz-özünü tənzimləyir. Qiymət artımı əsasən şəhərin mərkəzi və mərkəzə yaxın hissələrində müşahidə edilir. Ən çox artım yeni tikili binalarda, xüsusilə də çıxarışı olan mənzillərdədir. Həmin mənzillərdə çıxarış olduğu üçün ipoteka predmetinə asanlıqla çevrilir, girov qoyula bilir. Bankların daxili kreditləri üçün yararlı hesab edildiyi üçün bu kateqoriyalı mənzillərə tələb daha yüksəkdir və qiyməti daha sürətlə qalxır".

Ekspertin fikrincə, vətəndaşların böyük hissəsi mənzili kredit və ipoteka ilə almağa üstünlük verirlər. 

"Əvvəllər kreditlə mənzil almaq riskli hesab edilsə də, indi kirayə qiymətləri yüksək olduğu üçün vətəndaşlar ipotekaya üstünlük verirlər. 200 minlik yeni tikili mənzili 750-850 manata kirayə vermək mümkündür. Bu, ildə təxminən 10 min manat qazanc deməkdir. Üstəlik, hər il müvafiq faizlə qiymət artımı da var. Hesablasaq, 200 minlik mənzil sahibinə ildə 20-25 min manat gəlir gətirir. Bunu görən bir çox iş adamı və vətəndaş üçün bu sahə peşəyə çevrilib", - ekspert bildirib.

Anar Nəsirov: Vətəndaşlar mənzili kredit və ipoteka ilə almağa üstünlük verirlər

"Hansı mənzillər daha tez bahalaşır?" sualına cavab olaraq A. Nəsirov vurğulayıb ki, kvadratı və qiyməti aşağı olan mənzillər daha sürətlə bahalaşır:

"Alıcıların təxminən 60%-i aşağı qiymətli mənzillərə müraciət edirlər. Gücü bu mənzillərə çatdığı üçün tələbat çoxdur. Böyük kvadratlı və bahalı mənzillərə isə az adam müraciət etdiyi üçün onların qiyməti o qədər də sürətlə qalxmır. Liftli binalara üstünlük verilməsi də tələbatı artırır. Uşaqlı ailələr və yaşlı nəsil nümayəndələri rahat qalxıb-enmək üçün liftli binaları, yəni 9 mərtəbəli və yeni tikililəri seçir".

Müsahibimiz hesab edir ki, vətəndaş mənzili nə qədər tez alsa, o qədər qabağa düşmüş olar.

"2019-cu ildən etibarən istər kirayə, istərsə də satışda olan velərin qiyməti hər il artım var. Yəni, bazarda qiymətlərin aşağı düşməsindən söhbət gedə bilməz. 2024-cü illə 2026-cı ili müqayisə etsək, hər il artımı görürük. Vətəndaşlar ev alarkən bu amili nəzərdə saxlamalıdırlar".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью