Bu evlərin sənədləşdirilməsi mümkün deyil Eynullayev

28.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Özbaşına tikintilərin müəyyənləşdirilməsi meyarlarından biri icazə verilməyən torpaqlarda tikintinin aparılmasıdır.

Axar.az xəbər verir ki, bunu APA-ya və "Xəzər” TV-yə müsahibəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, tikinti qadağan olunan ərazilər qanunvericilikdə müəyyən edilib:

"Bunların kateqoriyasına kənd təsərrüfatı təyinatlı torpaqlar, meşə fondu torpaqları, su fondu torpaqları və xüsusi qorunan ərazilər aiddir. Bu ərazilərdə tikinti aparılmasına qanunvericiliklə yol verilmir. Ancaq müəyyən istisna halları var. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş müəyyən tikintilər və qurğular inşa oluna bilər. Lakin bunun da şərtləri var. Burada mütləq tələb ondan ibarətdir ki, mülkiyyətdə və icarədə olan torpağın həcmi 5 hektardan az olmasın və tikinti aparıla bilən sahə bunun 1 faizindən artıq olmasın. Əgər biz 5 hektardan danışırıqsa, bu 500 kvadratmetr deməkdir ki, tikinti ondan artıq ola bilməz. Başqa tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə aparılması qanunla qadağandır. O cümlədən, həmin ərazilərdə fərdi yaşayış və çoxmənzilli yaşayış binalarının tikintisini qanun qadağan edib. Bundan əlavə, tikintinin qadağa olunduğu digər ərazilər mühəndis kommunikasiya infrastrukturu obyektlərin altında və onların mühafizə zolaqlarında yerləşən torpaqlardır. Buraya kollektorlar, su və kanalizasiya xətləri, yüksək gərginlikli elektrik xətləri, rabitə xətləri, neft və qaz borularının yerləşdiyi ərazilər və onların mühafizə zonaları daxildir. Çünki həmin mühəndis infrastrukturunun normal fəaliyyəti üçün onlara qulluq göstərilməsi, onların saxlanılması, təmiri və s. üçün bu əraziyə müvafiq təchizatçı qurumların yaxud infrastruktur kimin balansındadırsa, onların çıxışı olmalıdır ki, onlara gəlib rahat qulluq göstərə bilsinlər. İkinci daha vacib məqam insan həyatı və sağlamlığı üçün, eyni zamanda insanların əmlakı üçün yaratdığı təhlükədir. Bu, potensial risk mənbəyidir. Ona görə, həmin obyektlərin yaxınlığında, xüsusən də onların üzərində hər hansı tikintinin inşası qəti qadağandır. Həmin kommunikasiya xətləri oradan köçürülmədiyi təqdirdə orada ev tikintisinin aparılması və onların sənədləşdirilməsi mümkün deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью