Bu filmlər uşaqlar üçün faydalı imiş

11.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir uşaqlar daha çox rəngli və dinamik filmlərə maraq göstərsələr də, ağ-qara ekran əsərlərinin də onların inkişafında xüsusi rolu ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, psixoloq Olqa Yeqorenkova bu barədə “Moskva 24” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, rəngli filmlər canlı təsvirləri, dinamizmi və vizual effektləri ilə uşaqların diqqətini daha tez cəlb edir. Rənglər onlara detalları seçməyə və ekranda baş verən hadisələri izləməyə kömək edir.

Ağ-qara filmlər isə uşaqları personajların üz ifadələrinə, jestlərinə, səslərinə və musiqiyə daha çox diqqət yetirməyə sövq edir. Bu da onların obrazların hisslərini, davranışlarının səbəblərini və yaşadıqları hadisələri daha yaxşı anlamasına kömək edə bilər.

Psixoloq hesab edir ki, uşaqlarla birlikdə film izləmək valideyn-övlad münasibətlərini də möhkəmləndirir. Bu zaman uşaqlar böyüklərin diqqətini və dəstəyini hiss edir. Film seçərkən isə uşağın yaşı, maraqları və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

Yeqorenkova film nümayişinin məktəb və ev tapşırıqlarından kənar vaxtda təşkil edilməsini tövsiyə edir. Filmə başlamazdan əvvəl uşağın süjetlə tanış olub-olmadığını öyrənmək, ekran əsəri məşhur kitab əsasında çəkilibsə, onun personajları və hadisələrin sonluğu barədə danışmaq olar.

Mütəxəssis nümayiş zamanı uşağa tez-tez sual verməməyi məsləhət görür. Çünki bu, onun diqqətini süjetdən yayındıra bilər. Uşaq hansısa söz və ya hərəkəti anlamadıqda isə qısa fasilə verərək izah etmək mümkündür.

Psixoloq, həmçinin uşaqların hisslərini sərbəst ifadə etmələrinə şərait yaratmağın vacibliyini vurğulayıb. Personajlara empatiya göstərmək və hadisələrə emosional reaksiya vermək uşaqlarda emosional yaddaşın formalaşmasına, müxtəlif həyat vəziyyətlərini və insan davranışlarını anlamaq bacarığının inkişafına kömək edir.

Yeqorenkova film bitdikdən sonra uşaqla ekran əsəri barədə müzakirə aparmağı da tövsiyə edir. Ondan hansı səhnələri xatırladığını, hansı hadisələrin təsir bağışladığını və filmin onda hansı hissləri oyatdığını soruşmaq faydalıdır.

Mütəxəssisin fikrincə, bu cür söhbətlər zamanı valideynlər uşaqlarını diqqətlə dinləməli, onların düşüncə və hisslərinə hörmətlə yanaşmalıdırlar. Ailəvi film seansları valideynlərə övladlarının emosional dünyasını daha yaxşı tanımaq, uşaqlara isə böyükləri daha yaxından anlamaq imkanı yaradır.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью