Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan milli komandası Millətlər Liqasında Lixtenşteynlə heç-heçə edib – 0:0.
Veteran futbolçu Vidadi Rzayev matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Lixtenşteynlə oyunla bağlı fikirləriniz nədir?
– Acınacaqlı nəticədir. Nə deyə bilərik… Doğrudur, epizodlar oldu, amma sonluq çatmadı. Bu rəqibi mütləq məğlub etməliydik. İndi məcburuq ki, Litvaya qalib gələk və şanslarımızı saxlayaq.
– Matçdan əvvəl belə nəticəni gözləyirdiniz?
– Xeyr. İdman mütəxəssislərinin də proqnozlarına baxırdım, hamı 2, 3 top fərqiylə qələbə gözləyirdi. Kim inanardı ki, belə olacaq? Bəlkə də, bəxtimiz gətirmədi.
– Vaxtilə, 1998-ci ildə Lixtenşteynə məğlub olan (1:2) yığmanın heyətində siz də vardınız. Sizcə, indiki, yoxsa əvvəlki rəqib güclüdür?
– O vaxt heyətlərində bir neçə legioner var idi. Həmin matçda da çox üstün oynamışdıq, amma yekunda qələbəni onlar qazanmışdı. Futbolda bəzən belə nəticələr olur.
– Bu nəticənin məsuliyyəti kimdədir?
– Baş məşqçi nə edə bilər? Əlində müəyyən oyunçular var və onlardan istifadə etməyə məcburdur. Futbolçu qapıya düşə bilmirsə, o nə edə bilər? Ümumiyyətlə, problemimiz bu deyil.
– Nədir problem?
– Yerli oyunçu qıtlığı, çempionatda komanda sayının az olması, tətbiq edilən qaydalar (red-limitin ləğvi).
– Limitin ləğvi klub futbolunu inkişaf etdirir, amma millidə nəticə dəyişmir. Bəs nə etmək lazımdır ki, ikisi də inkişaf etsin?
– Klublar yerli oyunçulara da güvənməlidir. Azərbaycanlı futbolçular çox oynamalı, özlərini göstərməlidir. Nə qədər ki, legionerlər oynayacaq, milli kənarda qalacaq. Bizim də vaxtımızda millidə əcnəbilər var idi, amma belə deyildi. Liqada aşağı yerlərdə gedən komandaların belə 10-12 legioneri var. Niyə belədir? Bizim yerli oyunçuları nə üçün bədbəxt edirsiniz? Onda gərək milli komandanın bütün heyəti əcnəbilərdən təşkil olunsun. Onsuz da illərdir, eyni şeyləri danışırıq, heç nə düzəlmir. 28 il əvvəl necə idisə, indi də yığma o vəziyyətdədir.
Gürcüstan millisinə baxın, Avropa çempionatına gedir. Amma neçə ildə hansı klubu Çempionlar Liqasında əsas mərhələdə oynayıb? Amma bizim “Qarabağ”ımız, “Sabah”ımız bu turnirdədir. Nə olsun? Milli komandamız hardadır? D Liqasında, ən zəiflərin arasında.
SOCAR gedib İtaliya yığmasına sponsor olur. İtalyanların pulu yoxdur? Yoxsa çempionatı pisdir? Ondansa bu pulları Azərbaycan futboluna sərf edin, komanda yaradın, gənclərə şans verin, hamı oynasın. Bu gedişlə millidə heç nə düzəlməyəcək.
Şahin Cəfərov