Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə) rayonlarında, Sumqayıt (II hissə) şəhərində, Naxçıvan Muxtar Respublikasında, Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan, Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi) və Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.
Bu gün Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərin şagirdləri də imtahan verirlər.
DİM-dən Milli.Az-a bildirilib ki, bugünkü imtahanlarda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. İmtahan saat 11:00-da başlanacaq.